Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsində yaralanan çavuş: “Özümə gələndə birinci qoluma baxdım, gördüm ki…” – MÜSAHİBƏ + FOTO

172 Baxış

Azərbaycan vətəni qibləgah edən şəhidlərin, torpaqları uğrunda gözünü qırpmadan döyüşərək qazi olan igidlərin sayəsində öz bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi haqqında danışanda dərdimiz də, sevincimiz də səngimir. 2783 şəhid üçün Allahdan rəhmət, 1245 yaralı hərbi qulluqçumuz üçün isə Allahdan şəfa diləyərək, qələbə sevincini yaşayırıq.

Müalicəsini davam etdirən qazilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından olan 31 yaşlı çavuş Babayev Orxan Sefer oğludur. Həyatının 10 ilini hərbiyə həsr edən Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən Orxan Babayev hazırda növbəti cərrahi əməliyyata hazırlaşır.

“Bir gün yaralı vəziyyətdə meşədə qaldım. Qolumun qanı dayanmırdı. Snayperin zirehdəlici gülləsi damarlarımı zədələmişdi. Qan axırdı. Yoldaşlarımın köməyi ilə çiyin nahiyyəsindən qolumu bərk bağladıq ki, qan axmasın. Qolumu xəstəxanaya qədər heç açmadıq, mənə dedilər ki, qolum kəsiləcək”.

Oxu.Az Vətən müharibəsinin qazisi çavuş Orxan Babayevlə müsahibəni təqdim edir:

– 10 illik hərbi xidmətiniz müddətində bir gün torpaqların azadlığı uğrunda döyüşəcəyinizi düşünürdünüz?

– Biz hər zaman torpaqlarımız uğrunda döyüşməyə hazır olmuşuq. Fəxr edirəm ki, güclü ordumuz var və biz öz torpaqlarımızı işğaldan azad edərək qələbə qazandıq.

– Döyüşlərdə irəlidə gedən dəstələrdən olmusunuz, nə zaman ön cəbhəyə yollandınız?

– Sentyabrın 26-sı axşam bizi bir araya topladılar. Toğanadan Koroğlu postuna tərəf bir günə gəlib çatdıq. Oradan təlimat aldıq ki, Kəlbəcər istiqamətində irəliləmək lazımdır. Bu istiqamətdə döyüşlər başladı. Ermənilərin bizimlə üz-üzə vuruşmağa hünəri çatmazdı. Ancaq təxribatlarla öz aləmlərində bizə qalib gələ biləcəklərini düşünürdülər.

Bizim dəstə irəlidə gedirdi və düşmənin çoxsaylı canlı qüvvəsini məhv edərək postlarını, mövqelərini ələ keçirdik. Ərazini atəşə tutmaq istədilər. Düşmənin zirehli texnikasını da iriçaplı artilleriyalarla məhv etdik. Burada mövqeləri aldıqdan və düşməni qovduqdan sonra postu ardımızca gələn əsgər yoldaşlarımıza təhvil verib, Cəbrayıl istiqamətinə getdik. Tez-tez mövqelərimizi dəyişirdik.

Cəbrayil istiqamətində döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra növbəti istiqamətimiz Hadrut oldu. Hadrut istiqamətində döyüşlərimiz zamanı əsgər yoldaşlarımız yaralandı. Onları döyüş meydanında qoymurduq. Həm vuruşurduq, həm də qardaşlarımızı çiyinlərimizdə daşıyırdıq. Beş gün müəyyən postlarda dayandıq. O mövqelərdə möhkəmləndikdən sonra komandirimizin təlimatları ilə növbəti istiqamətə tərəf irəlilədik. Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edərkən yaralandım.

– Bildiyimiz qədəri ilə qolunuzdan ağır yaralanmısınız. Necə olduğunu xatırlayırsınız?

– Şuşa istiqamətində döyüşlərdə meşəyə düşdük. Topxana meşəsi deyilən ərazidə mövqelərimizi qurduq. Hiss edirdim ki, sanki seçilən mövqe düşmən tərəfindən hədəf alına bilər. Bir qədər açıq mövqedir, amma yenə də maksimum ehtiyatlı olmağa çalışırdım.

Çevrildim ki, çantadan gecə görüntü üçün cihazını çıxarıb silahın üzərinə taxım. Elə həmin an qolum gizləndiyim mövqedən bir qədər kənara çıxdı və düşmən snayperlə məni vurdu. Güllənin zərbəsindən yerə yıxıldım. Elə bildim ki, qolum qopdu. Ağrıdan dayana bilməsəm də, sağ qalmaq üçün sağ əlimlə özümü sürüşdürüb çökək yerə düşdüm. Bununla da atışma başladı. Şəxsi heyətimiz erməniləri məhv etməyə davam etdilər. Mən ağrının şokundaydım. Elə bildim qolum yoxdu. Əsgər yoldaşım mənə yaxınlaşdı, qolumu yoxladı, qanaxmanı dayandırmaq üçün qolumu bağladı. Dedi ki, güllə bazu sümüyünü sındırıb. İynə vurdu ki, qolum keyisin ağrını az hiss edim. Damarlar təmiz dağılmışdı. Məncə zirehdələn güllə olduğu üçün damarlarımı yarasız hala saldı. O səbəbdən bir gün yarım qolumdan şqutu aça bilmədim. Atışma dayandıqdan sonra sürünərək yuxarı çıxdım. Daha sonra bizi təxliyyə etdilər.

“Ağrıdan özümdə deyildim, onu eşitdim ki, dedilər ki, qolunu amputasiya edəcəyik”

– Xəstəxanaya çatdırılanda özünüzdə idiniz?

– Ağrının təsirindən hərdən özümdə olmadığımı hiss edirdim. Elə bir vəziyyətdə idim ki, qolum bir gün yarım bağlı qalıb, şişib. Bizi ilk olaraq Füzuliyə gətirdilər. Hospitala… Orda həkimlərdən birinin “Qolu daha işə yaramaz, amputasiya edilməlidir” dediyini eşitdim. İnanın ki, elə halda idim ki, qolumu kəssəydilər belə, etiraz edə biləcəyimi düşünmürdüm.

Amma bir həkimi xatırlayıram, məni müayinə etdi. Dedi ki, gözləyək. Bir neçə günə qan dövranı bərpa olmasa, baxarıq. Qərarsız qalmışdım. Allah həkimlərimizdən razı olsun. Ondan sonrasını xatırlamıram. Bir də oyananda palata idim. Gözümü açan kimi çevrilib qoluma baxdım ki, görüm yerindədir? Gördüm ki, aparat taxılıb, mil qoyulub. Bir az sevindim.

Daha sonra Bakıya hospitala yola saldılar. Burada müalicə ilə damarlarım açıldı, qan dövranı bərpa olundu. Biləklərimə qədər gəldi. Həkim mənə dedi ki, Orxan bir gün də gözləyək əgər barmaqlarını işlədə bilməsən, amputasiya etməli olacağıq. Təəssüf ki, çox çalışdıq, ancaq, barmaqlarım işləmədi. Müalicənin sonunda sol əlimin dörd barmağı amputasiya edildi. İki dəfə əməliyyat olunmuşam, bir əməliyyatım da olmalıdır.

– Hazırda özünüzü necə hiss edirsiniz?

– Biz bu peşəni seçəndə hər şeyi gözə almışdıq. Bu yaralar bizi qorxuda bilməz. Vətən sağ olsun. Həkimlərimiz sayəsində vəziyyətim günbəgün yaxşılaşır. Növbəti əməliyyatda dəri köçürülməsi və millərin dəyişdirilməsi olacaq. Bir ayda üç dəfə narkoz qəbul etməyim deyə həkimlər əllərindən gələni edir. Təəssüflənirəm ki, sona qədər silah yoldaşlarımın yanında ola bilmədim.

– Mühaibə itkisiz olmur. Şəhid olan silah yoldaşlarınızın sizə vəsiyyəti oldumu?

– Təəssüf ki, bəli. İgid oğullarımızdan şəhid olanlar da oldu. Allah onların şəhadətini qəbul etsin. Kəlbəcərdə gedən döyüşlərdə düşmənin zirehli texnikasını məhv edərək əsgər yoldaşlarımı qorumuşdum. İmkan vermədim ki, düşmən üzərimizə gəlsin. Meşədə silah yoldaşım yaralanmışdı, biz onları yerdə qoymadıq. Orada biz ölənə qədər bir-birimizdən əlimizi üzmürdük. Öləndə belə onları çiynimizdə fəxrlə daşıyıb müəyyən mövqelərə gətirirdik.

Düşmən isə yaralısını da, ölüsünü də döyüş meydanında qoyub qaçırdı. Onların cəsarəti yox idi, ancaq qaçmağı bilirdilər.

– Ailənizlə əlaqə saxlayırdınızmı?

– Biz telefonlardan istifadə etmirdik. Bu səbəbdən ailəm ilə çox az hallarda danışa bilirdim. İki oğlan övladım var. Onları soruşurdum. Məndən nigaran qalmamalarını deyirdim. Hər şeyə hazırlıqlı idik, ona görə fürsət olduqca əzizlərimizin səsini eşitmək bizə güc verirdi.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678