Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğalçı Ermənistanı dəstəkləyən və müsəlman qanına əli bulaşmış Niderlanda SÖZARDI

371 Baxış

Azərbaycanın Vətən Müharibəsində öz ərazi suverenliyini bərpa etməsi bəzi Qərb ölkələrinin xoşuna gəlməyib. Əvvəllər biz hər açıqlamasında ATƏT-in Minsk qrupunun üzvü kimi yox, qərəzli, maraqlı tərəf kimi görünən Fransanın ermənipərəst mövqeyini və Fransa Senatının ölkəmiz barədə çıxardığı qərarı pisləmişdik.

Ancaq bu məsələlərdə Niderland da yaddan çıxmamalıdır. Təəssüflər olsun ki, Niderland da Qarabağ məsələsi ilə bağlı ölkəmizə münasibətdə daim qərəzli mövqeyi ilə yadda qalıb. Üçtərəfli Bəyanat erməni diasporu və lobbisinin təsiri altında olan Niderland Parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, İslamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin təsiri altına düşüb.

Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə sanksiyalar tətbiq olunmasına, qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair çağırışlar edib, Azərbaycanın müharibədə suriyalı terrorçulardan istifadə etdiyini iddia ediblər. 

Bu, cəfəng çağırışların müəllifləri isə Martin van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Yoel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Məhz bu kimi erməni düşüncəli şəxslərin səyləri nəticəsində noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub.

Düzdür, qeyd etmək lazımdır ki, bu məsələdə hazırda hakimiyyətdə olan Niderland hökuməti öz neytrallığını qorumağa çalışır, balanslaşdırılmış siyasət yeridir, onlara ünvanlanmış təxribat xarakterli suallardan diplomatik formada yayınır. Lakin bu hökumətin birmənalı mövqe nümayiş etdirməməsi də parlamentdə belə radikal qüvvələrin əl-qolunu daha da açır.

Bu qətnamədən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eyzemanın etimadnaməsini qəbul edib. Həmin vaxt İ.Əliyev Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırmışdır. O, parlamentdəki müzakirələr zamanı Niderland Xarici İşlər naziri Stef Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulayıb.

Bəs görək, Niderland özü nə dərəcədə mədəni, demokratik dəyərlərə hörmət edən bir ölkədir? Bunun üçün keçmişə nəzər salmaq kifayətdir.

Əslində Niderland ərazi baxımından kiçik olsa da, öz boyundan yuxarı atlamağa çalışan, imperialist baxışları ilə seçilən ölkə olub. Kolonist ölkə yanaşması hələ Fransa və Böyük Britaniyadan əvvəl, məhz Niderlandda (dünyanın ilk müstəmləkəçi ölkələri İspaniya və Portuqaliya olub – S.M.) mövcud idi.

Orta əsrlərdə Asiyanın cənub-şərq və cənubunda (Hindistanın cənubu), Afrikanın cənubunda (CAR) və Cənubi Amerika materikinin şimalında (Surinam) torpaqlar qəsb etmiş Niderland indiyə kimi də Karib dənizi hövzəsində torpaqlara (Antil adaları, Aruba, Kurasao və Sent Marten) malikdir.   

Qeyd etdiyimiz kimi, Cənub-Şərqi Asiya Niderland müstəmləkəçiliyindən əziyyət çəkib. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb, öz müstəqilliyini yalnız 1945-ci ilin avqustunda elan edə bilib (bunda Yaponiyanın 1942-ci ilin yanvarında İndoneziyaya girməsi də rol oynayıb, nəticədə müstəmləkəçi hollandlar ölkədən qovulub – S.M.). 

Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur olsa da, 4,5 il ərzində bu ölkəni yenidən öz ərazisinə qatmaq üçün bir çox qətllər törədib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8 mindən çox insanın serblər tərəfindən soyqırıma məruz qalmasının da məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır. Belə ki, həmin vaxt Bosniya serbi olan general Ratko Mladiç müsəlman bosniyalıların silahsızlaşdırılmasını tələb etmiş, əks halda sülhməramlılara güllə ata biləcəyi xəbərdarlığını edib. Silahlı müsəlmanlar Srebrenitsadan çıxsa da, Niderland sülhməramlılarının gözü önündə belə bir soyqırımı törədilib. Niderland Ali məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf edib.

Bundan başqa, Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü ən bariz şəkildə 2017-ci ilin martın ortalarında Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, Ailə və Sosial Siyasət naziri Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmasında göstərib.

Təəssüf doğuran haldır ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Yoel Voordevind və Sven Koopmans kimi radikal elementlərin təbliğ etdiyi ideologiya müəyyən edir.

Görəsən, Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl yetirmirlərmi? Belə addımları ilə onlar Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına almırlarmı?

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678