Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nevroloq kəskin və xroniki ağrıların fərqinə aydınlıq gətirdi

120 Baxış

Sinir sistemi – insan orqanizminin əsaslarından birini təşkil edir. O, bütün daxili orqanlar və toxumalarla sıx bağlıdır, buna görə də hər hansı bir nevroloji xəstəlik bədənin fəaliyyətinə birbaşa təsir göstərir.

Media.Az nevroloq, elektroensefaloqrafiya (EEQ) mütəxəssisi Ülviyyə Quliyeva ilə ən çox rast gəlinən nevroloji xəstəliklər barədə danışıb.

Nevroloq bütün problemlərin əsəbdən irəli gəldiyinə dair iddialara münasibət bildirərkən qeyd edib ki, bu, çox aktual mövzudur:

“O ayrı məsələdir ki, insanlar əsəbdən irəli gələn fəsadları nəzərdə tutduqda ilk olaraq qıcıqlanmanı, stressə dayanıqsızlığı, həyəcanlanmağı, əsəbi olmağı, emosionallığı, əhval-ruhiyyə dəyişiklikliyini nəzərdə tuturlar. Əsasən də məhz bu şikayətlərlə əlaqədar nevroloqa müraciət edirlər. Əslində bu pozğunluqlar nevroloji xəstəliklər deyil, psixoloji və psixiatrik xəstəliklərə aiddir, klinik psixoloqların, psixoterapevtlərin konsultasiyasını tələb edir. Beləliklə, bütün xəstəliklərin əsəbdən qaynaqlandığı barədə iddia əslində onu göstərir ki, bir çox xəstəlik məhz stresdən, yəni psixoloji, emosional gərginlikdən sonra üzə çıxır. Mahiyyətcə bu doğrudur, lakin mütləq olaraq həmişə belə deyil.

Ü.Quliyeva insanda müşayiət olunan ağrıları iki hissəyə bölüb: kəskin ağrılar və xroniki ağrılar.

Mütəxəssis bildirib ki, kəskin ağrı ciddi problem yaratmır, çünki onun müddəti az olur və ağrıkəsicilər vasitəsi ilə qarşısı alınır.

“Ancaq bəzən ağrı uzun müddət davam edə bilər. Üç aydan çox davam edən ağrıya xroniki ağrı deyilir. Xroniki ağrı müalicə olunmasa, həm funksional, həm də struktur cəhətdən sinir sisteminə təsir göstərə bilər ki, bu da əlavə problemlərə səbəb olur”, – deyə Ü.Quliyeva bildirib.

Müsahibimiz xəbərdarlıq edib ki, onkoloji xəstəliklərdə, onurğa sütununun degenerativ dəyişikliklərində, osteoartrit, fibromialgiya, miqren, diabetik neyropatiya və herpes sonrası nevralgiya xəstəliklərində xroniki ağrıların inkişafı tendensiyası müşahidə olunur.  

“Çox vaxt insanlar ciddi depressiv xəstəliklərdən əziyyət çəkir, intihara meyl edirlər. Bütün bunlar insanın həyat eşqinə mənfi təsir göstərir, çünki xroniki ağrıları olan insanlar yuxu və cinsi fəaliyyət pozğunluqları ilə yanaşı ürək-damar xəstəlikləri ilə qarşılaşırlar”, – deyə Ü.Quliyeva vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678