Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XTQ-in mayoru: “54 nəfərlə düşmənin mühasirəsini yararaq yüksəkliyi ələ keçirdik” – FOTO

160 Baxış

Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün davam edən 44 günlük Vətən müharibəsi iştirakçılarından biri də Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin mayoru Hüseynov Ramil Şakir oğludur.

O, 1988-ci il dekabr ayının 23-də Salyan rayonunda anadan olub.  2003-cü ildən 2006-cı ilə qədər C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Oranı bitirdikdən sonra eyni ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2010-cu ildə akademiyanı uğurla başa vuraraq ordu sıralarında xidmətə başlayıb.

Xüsusi Təyinatlı Qüvvələrin mayoru Ramil Hüseynov Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində Xidmət etməyə başlayıb.

Sentyabrın 27-dən Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan döyüşlərdə də iştirak edən mayor R.Hüseynov deyir ki, İkinci Qarabağ müharibəsinə oktyabr ayından qoşulub:

“Oktyabrın 17-dən biz müvafiq əmrə əsasən ön cəbhəyə yollandıq. Ayın 18-də artıq Füzuli istiqamətində gedən döyüşlərə qoşuldum. Ardıcıllıqla bizə verilən döyüş tapşırıqlarını yerinə yetirirdik. Növbəti hədəfimiz Cəbrayıl istiqamətində olub. Döyüş zamanı polkovnik-leytenant Anar Əliyevin rəhbərliyi altında bütün tapşırıqları uğurla yerinə yetirirdik”.

“Mühasirədə polkovnik-leytenant Anar Əliyev şəhid oldu”

Oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər üzrə müvafiq döyüş tapşırıqları aldıq:

“Bizi Xocavəndin Tuğ kəndi istiqamətinə göndərdilər. Kənd yaxınlığında gedən döyüşlərdə verilən tapşırıq müvafiq yüksəkliyin düşmənlərdən azad edilməsi idi. Döyüş zamanı 54 nəfərdən ibarət qrupla mühasirəyə düşdük. Bu zaman şiddətli döyüş getdi. Sonda düşmənin mühasirəsini yararaq oradan çıxdıq. Təəssüf ki, döyüş tapşırıqlarını yerinə yetirərkən polkovnik-leytenant Anar Əliyev və şəxsi heyətin daha 12 nəfəri şəhid oldu. Bizimlə mühasirədən çıxan döyüş yoldaşlarımızdan 19-u ağır yaralanmışdı, 22 nəfər isə növbəti döyüş tapşırıqlarını yerinə yetirmək üçün müvafiq istiqamətdə döyüşlərə davam etdi. Biz yaralı dostlarımızı da özümüzlə birgə döyüş meydanından çıxarırdıq”.

Qəhrəman mayorun sözlərinə görə, Ermənistanın Xüsusi Təyinatlı Qüvvələri onların qarşısında dayana bilməyib:

“Düşmən mühasirə ilə, təxribatlarla bizə qalib gələ biləcəyini düşünməklə böyük səhvə yol verdi. O səhvini də çoxsaylı canlı qüvvəsini, zirehli texnikalarını itirməklə dərk etdi. Bizim ordumuz düşmənə təmiz qələbə ilə qalib gəldi. Düşmənin yerdə qalan bir neçə əsgəri də qorxudan geri çəkildi.

Atışma nisbətən sakitləşdikdən sonra şəhidlərimizi və yaralılarımızı da götürüb öz mövqelərimizə, əsgər yoldaşlarımızın yanına qayıtdıq. Yaralılarımızı isə oradan tibb məntəqələrinə apardıq. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edərək şəhidlərimizin intiqamını aldıq”.

Sonuncu dəfə Şuşaya yolunun üzərində olan Qırmızı Bazar qəsəbəsində, Toqavar, Sığnaq, Çanaqçı istiqamətində gedən döyüşlərdə iştirak edən mayor özü də yüngül kontuziya alıb. Bütün bunlara baxmayaraq o, hazırda xidmətini Naxçıvan Muxtar Respublikasında “N” saylı Xüsusi Təyinatlı Hərbi hissədə davam etdirir.

Mayor R.Hüseynov ailəlidir, iki övladı var.

Qeyd edək ki, müharibə dövründə Ramil Hüseynovun rütbəsi kapitan olub. Ölkə başçısı Şuşanın işğaldan azad edildiyini xalqa elan etdikdən sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin əmri ilə R.Hüseynova Şuşanın azad olunması istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətə görə vaxtından əvvəl mayor rütbəsi verilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Hüseynov Ramil Şaiq oğlu “Şuşanın azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678