Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənclər təşkilatları Fəxri Xiyabanı ziyarət etdi – FOTO

207 Baxış

Gənclər təşkilatları Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibəti ilə Fəxri Xiyabanı ziyarət ediblər.

Bu gün Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Məhz 1918-ci il 28 may tarixində, müsəlman şərqində ilk parlamentli respublika elan edildi, mütərəqqi dövlətçilik ənənələri formalaşdırıldı. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. AXC-nin 103 illiyi münasibətilə gənclər təşkilatları tərəfindən bir sıra tədbirlər təşkil olunub, maraqlı və interaktiv fəaliyyətlər həyata keçirilib.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyduğunu vurğulayan Ümummilli lider Heydər Əliyevin 20-ci əsrin sonlarında bərpa etdiyimiz müstəqilliyimizin qorunub saxlanılması üçün uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı. Müasir müstəqillik tariximizdə ilk dəfə Respublika gününü 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpasının yaratdığı böyük qürur hissi ilə qeyd edən gənclər təşkilatlarının təmsilçiləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Gənclər Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndərin ruhunu hörmət və ehtiramla yad ediblər.

Daha sonra İstiqlal bəyannaməsi abidəsi və Şəhidlər Xiyabanı da ziyarət olunaraq, şəhidlərimizin məzarına gül dəstələri qoyulub, əziz xatirələri anılıb. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti, bugün savadlı, bacarıqlı və vətənpərvər gənclər yetişdirərək, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyi mümkün edib. Cümhuriyyət qurucularının fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider bildirmişdi ki, “Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşamasıyla bağlıdır”. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ulu Öndərin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678