Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaroslav Yurçişin: “Korrupsiya problemi ilə bağlı Ukrayna Azərbaycanla əməkdaşlıq edə bilər” – FOTO

122 Baxış

Ukrayna Verxovna Radasının (parlament) korrupsiyaya qarşı siyasət komitəsi sədrinin birinci müavini Yaroslav Yurçişinin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

– Ukrayna parlamenti yeni daxili işlər nazirinin namizədliyini təsdiq etdi. Siz keçmiş naziri korrupsiyaya qarşı mübarizədə ardıcıl olmadığı üçün tənqid edənlərdəndiniz. Sizcə, yeni nazir sələfinin səhvlərini təkrar etməmək üçün öz fəaliyyətini necə qurmalıdır?

– Yeni nazir Denis Monastırskiy sələfi Arsen Avakovun yaxın ətrafını toxunulmaz zümrəyə çevirməklə yol verdiyi səhvi təkrar etməməlidir. Korrupsiyaya qarşı mübarizənin vacib şərti qanun qarşısında hamının bərabər olmasıdır. Yəni yeni nazir DİN rəhbərliyində, Fövqəladə Hallar Xidmətində, Milli Qvardiyada belə toxunulmazlıq sistemini aradan qaldıra bilsə, onda korrupsiyaya qarşı mübarizəyə öz layiqli töhfəsini vermiş olar. Əvvəla, o özü şəxsən korrupsiyaya qarşı dözümsüz olmalıdır.

– Bəs korrupsiyaya qarşı tədbirlərlə bağlı Sizin hər hansı təklifiniz varmı?

– Məsələn, intizam komisiyalarının verdiyi dəyərləndirmələrə müstəqil ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələrini, bəlkə hətta beynəlxalq tərəfdaşları da cəlb etmək yaxşı olardı. Belə ki, polis, Milli Qvardiya, Dövlət Gömrük Xidmətinin ayrı-ayrı nümayəndələrinin addımlarına qiymət verilməsinə hər hansı qurumların nümayəndəsi olmayan, yalnız məşvərətçi statusuna malik olan, qərar verilməsində iştirak etmək hüququ olmayan müstəqil ekspertləri cəlb etmək çox faydalı olardı. Çünki həmin ekspertlərin tərəfsiz, qərəzsiz nəzər yetirməsi Ukrayna hüquq-mühafizə qurumlarından, onların başqa qurumlarla və vətəndaşlarla münasibətlərindən korrupsiyanı yox etməyə kömək olardı. Bu sahədə Azərbaycan polisi ilə birgə çalışmaq mümkündür.

– Ukrayna 8 ildir Avropaya qovuşmaq üçün islahatlar keçirsə də, bu istiqamətdə ləngimələr var. Məsələn, korrupsiya və oliqarxiyanın ciddi problem olaraq qalması KİV-də, sosial şəbəkələrdə müzakirə mövzusudur. Bu problemlərin həllinə mane olan amillər hansıdır?

– Bəli, Ukrayna Avropa inteqrasiyası istiqamətində xeyli yol qət edib. Avropa İttifaqı ilə asosiasiya sazişimiz var. Vətəndaşlarımız üçün vizasız rejim tətbiq olunub. Bütün bunlarla yanaşı həmin yolda sürətlənmələrlə yanaşı ləngimələr olduğunu qəbul etmək lazımdır. Doğrudan da enerji sahəsinin, mədən sahəsinin müasirləşməsi, ekologiya, məhkəmə sistemi kimi sahələrdəki islahatlarda oliqarxlar deyilən həmin o maliyyə sənaye qrupları maraqlı deyil. Oliqarxların bu sahələrə təsirini minimuma endirməyin yeganə yolu var, o da qanunun aliliyini təmin etməkdir. Hər kəs, maliyyə imkanları nə olursa-olsun qanun qarşısında bərabər olmalıdır. İkinci şərt də hüquq-mühafizə qurumlarının səmərəli fəaliyyət göstərmələridir.

– Məsələn, Gürcüstanda bu iş tez başa gəldi, Ukraynada isə ləngiyir. Bunun səbəbi nədir?

– Belə baxanda Gürcüstanda da oliqarxların nüfuzdan məhrum olunmasını söyləmək düzgün olmazdı. Orada əsas siyasi hərəkatların arxasında elə maliyyə sənaye qrupların durduğunu görürük. Bunların bir çoxu, o cümlədən İvanişvili, Rusiya ilə birbaşa əlaqə qurublar. Bəli, Gürcüstanda islahatların birinci mərhələsi tez baş tutub, amma bir çoxu da sona çatdırılmayıb. Gürcüstan Avropa standartlarına Ukraynaya nisbətən daha yaxın olsa da, bu yaxınlıq Aİ və yaxud NATO üzvlüyünü gündəmə gətirmək üçün kifayət etmir. Halbuki post sovet ölkələri üçün bu təşkilatlarda üzvlük məsələsi Rusiya Federasiyasının təcavüzkarlığına qarşı ciddi strateji vasitədir. Ukraynada bunun ləngiməsinə başlıca səbəb 2014-cü ildə, yəni bizdə islahatların ən qızğın dövründə Krım, Donetsk və Luhansk vilayətlərinin Rusiya tərəfindən işğal olunması oldu. Beləcə ölkədəki islahatlara sərf olunacaq çox böyük ehtiyatlar müdafiə məqsədlərinə yönəldilməli oldu. Bununla yanaşı Ukraynada siyasi elitanı köklü şəkildə dəyişdirmək mümkün olmadı, hətta Ləyaqət İnqilabından sonra belə bir çox maliyyə sənaye qruplarının parlamentdə də, hökumətdə də öz adamları vardı, indinin özündə də var. Bu baxımdan oliqarxların yaratdığı inhisarçılığı zəiflətmək, sivil sahibkarlığa dönmək baxımdan Ukraynaya beynəlxalq sərmayələri cəlb etmək, beynəlxalq, o cümlədən Azərbaycan, Türkiyə sərmayələrinin mənafelərini qorumaq çox mühüm məsələdir. İnhisarçılıq nə qədər az olsa, həm vətəndaşlarımızın keyfiyyətli mal və xidmətlər, dövlətimizin isə oliqarxların tez-tez ortaya atdığı inhisarçılığa qarşı mübarizə oyunu yox, real vergilərin olduğu gerçək iqtisadiyyat əldə etmə ehtimalı bir o qədər çox olar. Bütün bunlarla yanaşı 2014-cü ildən sonra biz Avropa inteqrasiyasında, korrupsiyaya qarşı mübarizədə daha mütəmadi, sistemli tədbirlər görməyə başlamışıq. Məsələn, bizdə uzun illər toxunulmaz sayılan hakimlərlə bağlı Ali Əks-Korrupsiya Məhkəməsinin dalbadal bir neçə qərar verməsi görünməmiş haldır. Yəni irəliləyiş var və Ukraynada beynəlxalq sahibkarlıq subyektləri, beynəlxalq maliyyə mənafeləri nə qədər çox olarsa, bu irəliləyiş də bir o qədər sürətli olar.

– Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Bu hal bu yaxınlarda qəbul edilmiş Ukrayna Milli Təhlükəsizlik Strategiyasında da əks olunub. Bəs Azərbaycanla parlamentlər səviyyəsində, xüsusilə də sizin himayənizdə olan sahələrdə, əlaqələrlə bağlı yeni mərhələdə hansı tədbirlər görülməsini təklif edərdiniz?

– Ukrayna və Azərbaycanın birgə mənafeyi baxımdan korrupsiyaya qarşı mübarizə əsas öncülük olmasa da, maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq, hüquq-mühafizə orqanlarımız arasında məlumat mübadiləsi çox mühümdür, çünki korrupsiya problemi artıq beynəlxalq səviyyəyə çıxır, bir çox hallarda məsələn, Ukraynada, Azərbaycanda qəsb edilən vəsaitlər Fransaya, Birləşmiş Ştatlarda “off shore” bölgələri vasitəsilə yerləşdirilərək sonradan Ukraynaya, Azərbaycana geri qayıdır. Bu məsələdə əməkdaşlıq edə bilərik, həm də xüsusilə son vaxtlarda, Ukrayna baş prokuroru müavini vəzifəsində azərbaycanlı diasporunun nümayəndəsi çalışdığı dövrdə bu əməkdaşlıq səmərəli olub. Bununla yanaşı Azərbaycan Ukrayna üçün bir neçə baxımdan çox yaxın ölkədir. Əvvəla, hər iki ölkə qarşısında sizin artıq qaytardığınız, bizim isə hələ qaytaracağımız işğal olunmuş torpaqların bərpası kimi geniş əhatəli bir problem durur. Bu problemin həlli çox böyük sərmayə yatırımları, qarşılıqlı əməkdaşlıq olmadan mümkün deyil. Fikrimcə, Uikrayna müəssisələri də bu istiqamətdə xeyli iş görə bilər və bunda maraqlıdır. Azəbaycan enerji sahəsində Ukraynanın böyük tərəfdaşıdır. O cümlədən SOCAR Ukraynada ən uğurlu əcnəbi sərmayədarlarındandır. SOCAR bizə gələndən sonra bir çox maşın sahibi dostlarım ölkədə bütövlükdə neft məhsullarının keyfiyyətinin yüksəldiyini deyiblər. Hazırda Ukrayna üçün çox ümdə məsələ qaz nəqli məsələsidir. Türkiyə və Azərbaycan tərəfindən inşa olunan “Şimal Axını-2”yə alternativ layihələr çox maraqlıdır. Həmçinin Ukrayna – Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunin həmsədri, həmkarım Marian Zabolotskiy elə bu yaxınlarda daha bir perspektivli istiqamət olan 4G rabitəsinin inkişafından bəhs etmişdi. Bu sahəyə azərbaycanlı sərmayədarları cəlb etmək üçün görülən işlər son mərhələdədir. Ukraynada mobil rabitə Avropaya baxanda elə də bahalı deyil, amma burada görüləcək işlər çoxdur. Ölkəmizin bir hissəsində mobil rabitə şəbəkəsi yoxdur. Eyni zamanda rəqəmsallaşma, dövlət xidmətlərinin göstərilməsi və dəyişməsi, İKT-nin tətbiqi böyük gələcək vəd edir. Bu sahədə əməkdaşlığımızın davam edəcəyinə çox inanıram. Həmçinin iqtisadi və yaxud hüquq mühafizə sahəsində əməkdaşlığa nisbətən adətən çox əhəmiyyət verilməyən mədəniyyət, gənclər, idman sahəklərinin öncüllük sayılması da sevindiricidir. Kiyev şəhərində Azərbaycan mütəfəkkirlərinə heykəllər ucaldılır, Xarkov şəhərində də, səhv etmirəmsə, Nizami Gəncəvi Mərkəzi yaradılır. Müslüm Maqomayevin heykəli var. Eyni zamanda Bakı Slavyan Universitetində çox güclü Ukrayna dili kafedrası var. Bütün bunlar strateji münasibətlərin ünsürləridir. Təəssüf ki, bizdəki azərbaycanlı diasporunun bir hissəsi işğal olunmuş torpaqlarda qaldı, onlarla əlaqələrimiz zəifləyib. Azərbaycanlı diasporu arasında xüsusi əməliyyat qüvvələrinin döyüşçüləri də var, mədəniyyət xadimləri də. Ölkələrimiz arasında GUAM, Şərq Tərəfdaşlığı çərçivəsində çoxsəviyyəli strateji əməkdaşklıq var. Hazırda ən ən perspektivli əməkdaşlıq istiqaməti infrastruktur layihələridir. Həm də prezident Zelenskinin qarşıya qoyduğu başlıca vəzifələrdən biri geniş infrastruktur yaratmaq olduğu üçün magistral yolları və s. tikintisilə bağlı Azərbaycanın topladığı təcrübə Ukrayna üçün daha böyük maraq kəsb edir.

– Sizcə, Ukrayna Azərbaycanla, başqa yeni strateji tərəfdaşları ilə əməkdaşlıqda hansı məqamlara üstünlük verməlidir?

– Sistemli yanaşma olmalıdır. Ukraynanın həmişə tez-tez tənqid olunduğu məsələ layihələrin icrasına başladıqdan bir müddət sonra hansısa problemlərin üzə çıxması, nəticədə hətta ciddi, strateji əhəmiyyətə malik layihələrin yarımçıq qalmasıdır. Mürəkkəb bir regionda sabitlik nümunəsi olan Azərbaycan öz məqsədlərinə doğru ardıcıl irəliləyən, bunun üçün sərmayə qoymağa hazır olan bir ölkə kimi əlbəttə Ukrayna tərəfindən də hər hansı hakimiyyət dəyişikliklərinə baxmayaraq qarşılıqlı olaraq strateji əlaqələr qurmasını layiqincə dəyərləndirəcək. O cümlədən azərbaycanlı sahibkarların, sərmayədarların mənafeyi zəmanət altına alınması vacibdir. Belə ki, bizdə vergi, hüquq mühafizə qurumlarının qeyri-qanuni vasitələrlə sahibkarlığa təsir göstərməyə çalışmaları barədə tez-tez xəbərlər yayılır. Strateji tərəfdaş olan ölkələr arasında istər işgüzar maraqlar, istərsə də mədəni, humanitar maraqlar istər hakimiyyətin qanunverici qolunun, istərsə də hökumətin, birinci şəxslərin birinci dərəcəli nəzarətində olmalıdır. Yeri gəlmişkən, bu baxımdan Ukrayna – Azərbaycan parlamentlərarası qrupunun həm əvvəlki, həm də cari heyətinin çox fəal olduğunu qeyd etməliyəm.

– Ukraynada azərbaycanlılar uzun illərdir ölkənin ictimai-siyasi həyatında, o cümlədən yeni siyasi xəttin icrasında yaxından iştiak edir. Bu fəaliyyət parlament səviyyəsində dəyərləndirilə bilərmi?

– Bu istiqamətdə işlər gedir. Hazırda millət vəkillərimiz arasında Krım tatar xalqının bir nümayəndəsi var, son seçkilərdə namizədlərin siyahısında isə Ukrayna müsəlman icmasının nümayəndələri qeyd olunub. Ona görə də Ukraynada çox böyük azərbaycanlı diasporu olduğunu nəzərə alsaq, açıq regional siyahılar əsasında keçiriləcək növbəti seçkilərdə yerli azərbaycanlı diaspor təşkilatlarının nümayəndələri həmin siyahılara düşə bilərlər. Belə ki, məsələn, ölkənin şərqində, Zaporijya əyalətində azərbaycanlı diasporunun böyük qrupları var. Yadımdadır, 2019-cu ilin seçkilər dövründə azərbaycan diasporunun nümayəndələrilə görüşürdük, amma o vaxt seçki erkən olduğu üçün çoxlu çağırışlar vardı. İndi isə Ukraynadakı azərbaycan diasporu nümayəndələrinə müxtəlif siyasi qruplarla əlaqələri daha fəal şəkildə qurmağı tövsiyə edərdim. Belə ki, parlamentin keçmiş heyətlərində, həmçinin müxtəlif partiyalarda azərbaycanlılar olub. Sahibkarlığı hüquq-mühafizə qurumlarının da, rəqiblərin də qanunsuzluqlarından qorumağın ən səmərəli yolu parlamentlərarası qrupla birbaşa əlaqə qurmaq, habelə parlamentdə, hüquq-mühafizə qurumlarında, hökumətdə azərbaycanlıların təmsil olunmalarıdır. Hazırda bərqərar olunmuş əməkdaşlıq mühitinə görə partiyalar da azərbaycan diasporu nümayəndələrini cəlb etməkdə maraqlı olacaq.

– Ukraynada azərbaycanlı sahibkarlara təzyiq halları məlumdur. Bu kimi problemlər Azərbaycan tərəfilə əməkdaşlıq şəraitində həll oluna bilərmi?

– Bu, təkcə azərbaycanlı sahibkarların problemi deyil, bizə kanadalı, amerikalı, türkiyəli vs. sahibkarlar da müraciət edir. Bu yaxınlarda hətta kanadalı sərmayədar layihədən çıxdığını elan etdi. Ona görə də belə hallarda susmamaq, birbaşa parlamentə müraciət etmək çox mühümdür. Bizim hüquq-mühafizə qurumlarının fəaliyyətinə nəzarət səlahiyyətimiz var. Odur ki, hər hansı sahibkar onun hüquqlarının harada pozulduğunu dəqiq bilirsə, millət vəkilinə müraciət edir, o da ya şəxsən həmin məsələyə müdaxilə edir, ya da hüquq-mühafizə qurumlarına müvafiq qaydada sorğu göndərməklə bu məsələni gündəmə gətirir. Hazırda parlamentdə sərmayədarlarla işləyən xüsusi istintaq komissiyası var. Yəni belə məsələlərdə susmamaq, dərhal nəzarət qurumlarına və parlamentə müraciət etmək vacibdir.

– Parlamentdə islahatların ən həssas nöqtəsi olan korrupsiyaya qarşı siyasət himayənizdədir. Ukrayna üçün çox ağır olan bu problemi nə zaman həll edə biləcəyinizi indidən deyə bilərdinizmi?

– Hər bir islahatın ən həssas yeri məhkəmə sisteminin səmərəsizliyidir. Bu günlərdə qəbul etdiyimiz iki qanun məhkəmə sistemini dövlət mənafeyi üçün yox, öz ciblərini doldurmaq, yaxud da öz maliyyə-sənaye qruplarının oliqarxlarına qulluq etmək üçün işləyən adamlardan təmizləməkdə səmərəli vasitə olmalıdır. Prezidentin təşəbbüsü ilə qəbul edilən həmin qanunlar səmərəli şəkildə icra olunarsa, 1,5-3 il ərzində korrupsiyaya qarşı mübarizənin böyük bir mərhələsi tamamlanmış olacaq. Belə ki, bütün məsələlər məhkəmələrdə baxılacaq, milliyyəti nə olursa-olsun hər bir vətəndaşın, sahibkarın hüquqları qanuni şəkildə təmin olunacaq. İndi isə mülkiyyətin qəsb olunması, yaxud qanunsuz əldə edilmiş mülkiyyətin yeni sahiblərə ötürülməsi məhkəmələr tərəfindən qanuniləşdirilir ki, bu da ağrılı problemlərimizdəndir. Məhkəmələr müstəqil olduqdan, qanunun keşiyində durduqdan, peşəkar fəaliyyət göstərdikdən sonra fikrimcə, islahatlar qarşısında duran bütün əngəllər dəf olunacaq. Onda Ukrayna həm öz vətəndaşları üçün, həm də strateji tərəfdaşları üçün daha düzgün, daha başa düşülən və sistemli ölkəyə çevriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678