Bərdə Regional Mədəniyyət İdarəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirir

112 Baxış

Turanmedia.az xəbər verir ki, bu istiqamətdə keçirilən növbəti tədbir Şəhid Xudayar Yusifzadənin evində olub. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Şəhid anaları və şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin kollektivi iştirak etmişdir.

Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. O, həmçinin, qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz cəmi 44 gün davam edən Vətən Müharibəsində düşməni məğlub etmişdir. Xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son qoymuş, bütün şəhidlərimizin qisasını döyüş meydanında almışdır.

Tədbirdə çıxış edən Şəhid anaları Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamın olduğunu qeyd etmiş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar.

Tədbir Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin vətənpərvərlik ruhunda hazırladığı musiqili kompozisiya ilə davam edib.