Vasif Talıbov harada saxlanılır? – ŞOK VERSİYA…

11 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra ortalıqda görünməməsi çoxsaylı versiyaların üzə çıxmasına səbəb olub. Ehtimallardan biri də onun həbs edilməsi, lakin prosesin maksimum dərəcədə gizli saxlanılması üçün məsələnin ictimailəşdirilməsinin qarşısının alınması ilə bağlıdır.

Turanmedia.az xəbər verir ki, Globalinfo.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, V.Talıbov artıq bir müddətdir tam təcrid vəziyyətindədir.

Adətən Azərbaycanda hansısa yüksəkvəzifəli məmur istefa verdikdə xidmətləri nəzərə alınaraq xüsusi orden-medal və ya başqa bir vəzifə ilə mükafatlandırılırdı. Bu presedentin V.Talıbovla bağlı baş verməməsi pərdəarxasında maraqlı proseslərin getdiyini düşünməyə əsas verir.

Əgər müstəqil jurnalistlərin iddia etdikləri kimi, V.Talıbov xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edibsə, bunun sübuta yetirilməsi uzun zaman alacaq. Çünki təxminən 30 ilə yaxın bir müddətdə Naxçıvana rəhbərlik etmiş V.Talıbovun buradakı dayaqları, qurduğu şəbəkə kifayət qədər dərin və gizli köklərə dayanır.

Ortaya atılan versiyalardan biri də Vasif Talıbovun ölkəni tərk etməsi iddiasıdır. Qeyd edilir ki, istefa ərəfəsində Naxçıvanda uçuşların təxirə salınmasının əsas səbəbi Talıbovun ölkədən çıxışının qarşısını almaq olub. Uçuşların bərpasının Talıbovun istefası ilə yaxın vaxta düşməsi bu iddianı qüvvətləndirsə də, bu, hələlik versiya olaraq qalır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda ayrı-ayrı qurumlarda keçirdikləri əməliyyatlar, qanun pozuntularına yol verən bəzi məmurların cəzalandırılması prosesin V.Talıbovdan yan keçməyəcəyi fikrini gücləndirir. Hətta DTX-nin sabiq sədrin “qapısını döydüyü”, onun hazırda ev həbsində olduğu da ehtimal edilir.

Onu da qeyd edək ki, Vasif Talıbov təkcə istefa vermiş məmur deyil, həm də ölkənin dövlət orqanlarına hörümçək toru qurmuş “5-ci kolon”un üzvlərini yaxşı tanıyan məlumatlı şəxsdir. Bu baxımdan o, Azərbaycana və ona daim etimad bəsləmiş Prezident İlham Əliyevə qarşı heç olmasa bu dəfə dürüst davranıb, sözügedən düşmən şəbəkəsi ilə bağlı vacib məlumatları verməlidir.