Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İqtisadçının şok 2024 proqnozu: İnsanlar bankrot olacaq…

40 Baxış

2023-cü il məmləkətimiz üçün tarixi bir il oldu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhtəşəm bir hadisədir, Rus və Sovet İmperiyasının basdırdığı separatizm və etnik münaqişələr “minasını” təmizləyə bilən yeganə ölkə Azərbaycan oldu – qürurverici hadisədir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli 2023-cü ilin yekunu ilə bağlı qeyd edib.

O bildirib ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh sazişi və ya sazişin onurğasını təşkil edən müxtəlif protokollar imzalanacaq:

“Bu da bölgəmizdə dayanıqlı sülhün təməlini yaradacaq. Prezident seçkilərindən sonra hökumətin tərkibi ciddi dəyişəcək. Çox güman, referendum, ardından da növbədənkənar parlament seçkiləri olacaq, Milli Məclisin indiki tərkibinin, ən azı, yarısı növbəti seçiləcək parlamentdə olmayacaq. Məmləkətin təməl sorunu iqtisadiyyatdır, bu məsələnin həlli yolu isə siyasi və hüquqi müstəvidədir, idarəetmənin təkmilləşdirilməsindədir”.

Ekspert vurğulayıb ki, gələn il manatın devalvasiyası olmayacaq, amma bu mütləq gələcək illərdə baş verəcək:

“Rusiya-Ukrayna münaqişəsi çox güman ki, bu il “dondurulacaq”, sonra hansısa beynəlxalq danışıq qrupu yaradılacaq, mənasız və məzmunsuz danışıqlar sürəci başlayacaq. Ukrayna öz torpaqlarının itirilməsi ilə de-jure barışıb hansısa sənədə imza atmasa da, de-fakto barışıb, yaşamağa çalışacaq, amma Zelenski və komandasının siyasi səhnədə qalması çox böyük problem kimi görünür”.

N.Cəfərlinin digər proqnozu AB ilə bağlıdır:

“İllərdir xəbərdarlıq etdiyimiz kimi, AB ölkələrinda aşırı sağ-millətçi siyasi qruplar güclənməkdə davam edəcəklər, gələn il AB Parlamentinə və bəzi ölkələrdə baş tutacaq seçki sürəclərini öndə bitirəcəklər. AB ölkələrində siyasi elita dəyişiklikləri başlayacaq, amma, təəssüf ki, yeni iddialı siyasi qruplarda da ciddi liderlik keyfiyyəti olan siyasətçilər azdır. Səbəbi çox sadədir – son 20 ildə Qərbdə siyasətin önəmi, pristiji və maddi qazancı azaldı, yaxşı oxuyan, bilikli, bacarıqlı insanlar böyük biznesə üstünlük verdilər, şirkətlərdə işləməyə can atdılar, çünki böyük şirkətlərdə maaşlar-bonuslar yüksək, daha sərbəst iş qrafiki və medianın, ictimayyətin nəzarətindən kənar yaşamaq imkanı var”.

Ekspertin fikrincə, 2024-cü ildə ABŞ dünyada itirməkdə olduğu yerini qaytarmağa, liderlik funksiyası bərpa etməyə çalışacaq:

“Demokratlar Partiyası bu işi bacarmadı, seçkilərdə Respublikaçıların qalib olma şansı yüksəkdir, əgər bu baş versə, ABŞ-ın dünya siyasətində dəngəyaradan rolu bərpa oluna bilər ki, bu da zatən qaçılmaz olan qlobal dünyadan fraqmental dünyaya keçidi daha rəvan və məntiqli edə, hətta müharibə və münaqişələri səngidə bilər”.

N.Cəfərli vurğulayıb ki, dünya iqtisadiyyatı “ağır xəstədir”, 2008-ci ildə başlanan böhran aradan qaldırılmadı, iqtisadi “yanğın” problemlərin sistemli həlli ilə deyil də, ancaq pul çap etməklə “söndürüldü”:

“Bir anlıq əsl yanğın təsəvvür edin – çoxotaqlı evin, məsələn, 2 otağı yanır, yanğınsöndürənlər su, köpük, qum və s. vasitələrlə yanğını söndürməyə çalışırlar, həmin yanan 2 otaqda yanğın söndürülsə də, su, köpük, qum və s. yanğını söndürmək üçün istifadə edilənlər digər otaqlara yanğından çox ziyan vurur – 2008-də məhz bu baş verdi, lokal yanğın “söndürüldü”, amma qlobal iqtisadiyyatda “şarlar” yarandı. Sonra 2020-ci ildə “pandemiya” adlanan sürəci bacarıqsız, hətta insanlıq adına rəzalətlə idarə etdilər, nəticədə dünya iqtisadiyyatına əlavə olaraq 18 trilyon dollar pul axıtdılar, bu dəfə də “yanğını” bərbad üsullarla “söndürdülər”, nəticədə “şarlar” daha da şişdi, partlamağa hazır hala gəldi.

Dünya ölkələrinin borcu 310 trilyon dollardır ki, bu da dünya ÜDM-nin 336%-ni təşkil edir – heç vaxt belə təhlükəli vəziyyət olmayıb. Açığı, bu vəziyyətdən ağrısız çıxış yolu yoxdur, dünyada ölkələri, şirkətlər və insanlar bankrot olacaqlar.

Dünya ölkələri təməl problemləri həll etməkdənsə mifik, promlemlər uydururlar, bunlardan biri də “iqlim dəyişiklikləri” adı altında insanların başını qatmaqdır. Dünyada ciddi ekoloji problemlər var, insan övladı təbiətlə orqanik yaşamağı, ziyan vurmamağı öyrənməlidir, amma bu vacib məsələni “iqlim dəyişiklikləri” kimi təqdim edərək əsl problemlərdən qaçırlar – bəşəriyyət tarixində iqlim dəyişiklikləri olub, var, olacaq da. Planetin özünü tənzimləmə alətləri var, bunlar işə düşür və problemlər dövri hal alır. Dünyada insan sayı az olanda da qlobal istiləşmə, qlobal buzlaşma olub-olacaq. İnsan övladı təbiəti qorumalı, resurslardan ağılla istifadə etməlidir – bu vacibdir, amma qlobal iqlim dəyişiklikləri adı altında ölkələri, insanları yeni qapanmalara, “gettolara” hazırlamaq cinayətdir. Bir çoxları elə bilirlər ki, məsələn, eloktromobili cərəyana qoşub sürürsən, bununla da iqlim dəyişikliklərinə mane olursan – amma anlamırlar ki, məsələn, “Tesla”nın 20 batareyası var, onlardan birini istehsal etmək üçün 11-12 element, həmin elementləri əldə etmək üçün isə 560 m2 yer-mədən qazılmalı, həmin elementlər sonra su istifadə edilməklə istehsal olunmalıdır. İndi özünüz hesablayın 1 elektromobil üçün nə qədər yer səthi qazılır, nə qədər ekologiyaya ziyan vurulur. Hələ mən həmin maşını elektriklə təmin etmək üçün enerjinin alınması zamanı baş verən ekologiyaya ziyan vuracaq proseslərdən heç danışmadım. Eyni məsələ günəş panelləri və külək stansiyalarının istehsalına da aiddir, hələ bunların, o cümlədən avtomobil batareyalarının utilizasiya problemini, bu sahələrin ancaq subsidiyalarla ayaqda qalmasının mümkün olduğunu məsələsini də işin içinə qatanda planetə vurulan ziyanın mənzərəsi tam fərqli olur…”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678