Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Avro-5 standartına uyğun benzin istehsalı üçün saziş imzaladı – FOTO

139 Baxış

SOCAR və “Maire Tecnimont Group” arasında yeni nəsil emal qurğuları barədə sazişlər imzalanıb.

Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilən məlumatda bildirilir ki, imzalanmış sazişlər çərçivəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusunun quraşdırılması nəzərdə tutulur.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiya və yenidənqurma işləri çərçivəsində “Maire Tecnimont S.p.A.”nın törəmələri olan “Tecnimont S.p.A.” və “KT-Kinetics Technology S.p.A.” şirkətləri ilə iki mühəndislik, həmçinin təchizat və tikinti (EPC) sazişi imzalanıb.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Augusto Massari, “Maire Tecnimont” qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Fabrizio Di Amato, baş icraçı direktoru Pierroberto Folgiero və digər rəhbər şəxslər iştirak edib.

Qeyd edilib ki, “Tecnimont” və “KT-Kinetics Technology” şirkətləri digər qurğulara dair tenderin qalibi seçilərək 2018-ci ildə imzalanmış EPC sazişinə əsasən artıq bu zavodun modernizasiyası layihəsində birgə fəaliyyət göstərirlər.

Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır:

“Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Avro-5 standartına uyğunlaşdıracaq, eyni zamanda Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Biz dəfələrlə dost münasibətini gördüyümüz İtaliyanın yaradıcı və istedadlı ruhunu özündə daşıyan tanınmış “Maire Tecnimont” qrupu ilə bu alicənab məqsəd naminə əməkdaşlıq etməkdən məmnunuq”.

“Maire Tecnimont”un baş icraçı direktoru Pierroberto Folgiero isə öz növbəsində əlavə edib ki, texnoloji təcrübələrini bir daha SOCAR kimi tarixi və nüfuzlu bir sifarişçinin xidmətinə təqdim etməkdən və bununla da Azərbaycanın daunstrim zəncirində daha böyük bir dəyərin açılmasına yönəlmiş uzunmüddətli, uğurlu əməkdaşlığı möhkəmləndirməkdən şərəf duyur.

Milan Fond Birjasında qeydə alınmış “Maire Tecnimont S.p.A.” təbii ehtiyatların emalı üzrə qlobal sənayenin lideri olan bir qrupa başçılıq edir. “Maire Tecnimont” qrupu özündə 45 ölkədə fəaliyyət göstərən 50 şirkəti birləşdirir. Qrupun 9 100 əməkdaşı var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678