Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın STAR-ı dünyanın ən çox rəqəmsallaşmış şirkətləri sırasına daxil edildi

127 Baxış

Dünya İqtisadi Forumu SOCAR-ın STAR zavodunu dünyanın ən çox rəqəmsallaşmış şirkətləri sırasına daxil edib.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-də hələ inşaat mərhələsində texnoloji avadanlığa 70 milyon dollardan artıq sərmayə qoyulub.

Nəticədə zavod Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olub. “Gələcəyin zavodları” liqasına bu il Türkiyədən seçilən yeganə şirkət olan STAR NEZ dünyada bu mükafata layiq görülən ilk neft emalı zavodudur.

“Petkim”in ardınca STAR NEZ

Sənaye 4.0 texnologiyalarını ən yaxşı tətbiq edən müəssiəslərin qəbul edildiyi “Global Lighthouse Network”da yer almaqdan böyük sevinc duyduqlarını bildirən “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhramanov əlavə edib ki, 2020-ci ildə bu liqaya Türkiyədən seçilən yeganə şirkət “Petkim” olmuşdu:

“Bir il sonra isə neft emalı-neft kimyası inteqrasiyasını həyata keçirdiyimiz digər bir müəssisəmiz – STAR NEZ də bu xüsusi liqaya daxil oldu. Qrupumuzun tərkibindəki iki şirkətin belə mühüm bir mükafata ardıcıl olaraq layiq görülməsi bizə qürur verir. STAR NEZ-in dünya miqyasında bu mükafatı alan ilk neft emalı zavodu olması müəssisəmizin rəqəmsallaşma sahəsində dünyaya nümunə olacaq səviyyədə bir rəqəmsal mexanizmə malik olduğunu göstərir”.

Dizel və təyyarə yanacağı istehsalını 10 faiz artırdı

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-in “Gələcəyin zavodları liqası”na doğru atdığı ən mühüm addım hələ zavodun inşaat mərhələsindən qabaqcıl texnologiyalara 70 milyon dollardan artıq sərmayə qoyulması olub. Təmir-sazlama prosesləri də daxil olmaqla, NEZ-dəki aktivlərin performansının idarəçiliyinə rəqəmsal nəzarət edilməsi, müəssisənin rəqəmsal əkizinin yaradılması, kompüter tədrisi kimi sahələri özündə ehtiva edən və olduqca mühüm əhəmiyyət daşıyan bu sərmayələrlə STAR NEZ-in dizel və təyyarə yanacağı istehsalında illik məhsuldarlığı 10 faiz artırılıb. NEZ-də yanacaq kimi istifadə olunan təbii qazın istehlakı 2020-ci ildə əvvəlki ilə nisbətən 6 faiz azaldılıb, karbon emissiyasında 178 min tonluq azalma, su sərfiyyatında isə ildə 406 min ton qənaət təmin edilib. Bütün bu nəticələr 2020-ci ildə STAR NEZ-in faiz, amortizasiya və vergidən əvvəlki əməliyyat gəlirinə də 35 milyon dollarlıq bir töhfə verib.

Təqdimat mərasimi yenə Davosda keçiriləcək

Dünyada novator rəqəmsal tətbiqlər standartı sahəsində şirkətlər üçün müqayisə meyarı yaradan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. 2020-ci ilin əvvəlində bu platformaya daxil olmaq üçün müraciət edən STAR NEZ, münsiflər heyətinin araşdırma və dəyərləndirmələri nəticəsində liqaya vəsiqə qazanıb. WEF-in bəyanatında, Türkiyədən təkcə STAR NEZ-in yer aldığı, “Global Lighthouse Network” yeni üzvləri açıqlanıb. Pandemiyaya görə bu il WEF-in Davosdakı iclasları yaz aylarına qədər təxirə salındığı üçün mükafatların təqdimatı da həmin dövrdə keçiriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678