Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çin-İran sazişindən Azərbaycan nə qazanacaq? – ŞƏRH + FOTO

153 Baxış

Martın 27-də Çinlə İran arasında uzunmüddətli iqtisadi əməkdaşlığı və digər qarşılıqlı maraqları özündə ehtiva edən sənəd imzalanıb.

Sənəd iki ölkə arasında strateji əməkdaşlıq platformasının dərinləşdirilməsinə hesablanıb və qarşıdan gələn 25 ili əhatə edəcək.

Sənədi Tehranda Çinin Xarici İşlər naziri Van Yinlə iranlı həmkarı Məhəmməd Cavad imzalayıblar.

Xarici mətbuatda sənəd barədə konseptual yanaşmalar ifadə olunur, detallar barədə isə məlumatlar yoxdur.

Ancaq “New York Times” yazıb ki, Çin İrana 25 il ərzində neft qarşılığında 400 milyard dollar sərmayə yatıracaq.

İki ölkənin həmçinin birgə təlim, tədqiqat və kəşfiyyat mübadiləsi aparacağı və hərbi əməkdaşlığı genişləndirəcəyi bildirilir.

Qərbin sanksiyalarının ağırlığı altında əzilən İran üçün bu saziş nəfəslikdir. Sazişin ABŞ-ın Yaxın Şərqdə təsir imkanlarını zəiflətmək məqsədilə imzalandığı da yer alan məlumatlar sırasındadır.

Bəs Azərbaycana hansı faydaları ola bilər?

Sənədin detalları ictimailəşməsə də artıq Çin və İranla iqtisadi əməkdaşlıq edən ölkələr üçün yeni fürsətlər yaranacağını söyləmək mümkündür.

Azərbaycanın da Çin və İranla iqtisadi-ticari əlaqələri mövcuddur. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, hər iki ölkənin xalqlarının mənafeyi naminə iqtisadi və humanitar əlaqələrə yönəldilmiş “İpək Yolu İqtisadi Kəməri”nin formalaşdırılması üzrə əməkdaşlığı birgə inkişaf etdirəcəklər.

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Layihə ölkələr arasında çoxtərəfli əməkdaşlığı əhatə edir.

Asiya qitəsini Avropa ilə birləşdirmək məqsədi daşıyan layihə nəqliyyat bağlılığını təmin edir. Eyni zamanda müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Azərbaycan isə bu yolun üzərində dayanan tranzit ölkədir və Çin Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan İran və Çinlə ticarət dövriyyəsini və iqtisadi əlaqələrini genişləndirir ki, yeni sənədin yaratdığı imkanları bu kontekstdən də nəzərdən keçirmək olar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Çin dünyanın ən böyük iqtisadiyyata malik ikinci ölkəsidir və İran sanksiyalara baxmayaraq regionda aparıcı mövqeyə sahib dövlətlərdən biridir.

“Bu baxımdan bu iki ölkənin yeni yaxınlaşması regional əməkdaşlıq baxımından vacibdir”, – deyən deputat əlavə edib ki, Azərbaycan regional əməkdaşlığı dəstəkləyən, sülh və əməkdaşlığa töhfə verən ölkədir.

Millət vəkili qeyd edib ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasına böyük töhfələr verir.

“Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq, Azərbaycan və İran ərazilərindən keçməklə Hindistana qədər uzanan bir marşrutdur. İranın Asiya ölkələri ilə əməkdaşlığının güclənməsi həm də praktik olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin daha böyük potensialla işləyəcəyinə xidmət edəcək. Bu, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək”, – V.Bayramov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678