Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanın kəsirləri genişlənir – FOTO

154 Baxış

Ermənistandakı iqtisadi artımın azalması fonunda, özəl və dövlət gəlirlərinin azalması maliyyə və xarici sektordakı dayanıqsızlıqları gücləndirir. Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər – büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsirin orta və uzunmüddətli perspektivdə davam etməsi gözlənilir.

Bu barədə Oxu.Az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bu ilin ikinci rübündə baş verən kəskin iqtisadi daralma, pandemiya və Qarabağ müharibəsi ölkənin maliyyə balansına mənfi təsir edib və ümumi dövlət borcunu yüksək trayektoriyaya qaldırıb. Büdcə gəlirləri planlaşdırılan göstəricilərdən xeyli uzaqlaşıb. Rəsmi proqnozlara əsasən, hərbi və səhiyyə xərcləri artarkən, ÜDM və vergi gəlirləri 6,8 faiz azalacaq.

Adambaşına düşən yoluxma nisbəti olduqca yüksək olan Ermənistanda fiskal balans pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənir. Proqnozlaşdırılan səhiyyə xərclərinin indi daha yüksək olması gözlənilir. Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində hərbi xərclər də artırılıb.

Pensiya islahatlarına baxmayaraq, Ermənistanda pensiya sistemi qeyri-effektiv olaraq qalır və büdcə kəsirinə əlavə təzyiq yaradır. BMT-nin göstəricilərinə əsasən, Ermənistanda 2020 və 2050-ci illərdə iqtisadi aktiv olmayan yaşdakı yaşlıların iqtisadi aktiv yaşda olan şəxslərə nisbəti əmsalının müvafiq olaraq 17,5 faiz və 34,3 faiz olması gözlənilir. Gənclərin Ermənistandan mühacirəti bu problemi daha da dərinləşdirir.

Ermənistanda xalis xarici borc, cari əməliyyatlar hesabında böyük struktur kəsir, zəif xarici investisiya daxilolmaları və pul baratlarından yüksək asılılıq kimi xarici həssaslıqlar 2020-ci ildə də aktual olaraq qalıb. Sərhədlərarası inteqrasiya və nəqliyyat problemləri, bazarlara çıxış məhdudiyyətləri, inkişaf etməmiş infrastruktur və hökm sürən korrupsiya səbəbindən xarici ticarət zəifləyir və ölkənin xarici investisiyalar üçün cəlbediciliyi azalır. 2020-ci ilin oktyabrında “Fitch Ratings” Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB-” dən “B+” səviyyəsinə endirib.

Ermənistanın cari əməliyyatlar hesabı kəsirinin ÜDM-ə nisbəti 8,2 faizdir. 1991-ci ildən bəri davam edən bu kəsir xroniki xarakter daşıyır.

Rəsmi məlumatlara görə, 2020-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, idxal 12,4 faiz və ixrac müvafiq 6 faiz azalıb. Sektor işçi qüvvəsinin mühacirət və hərbiləşmə nəticəsində surətlənən daralmasından təsirlənir. Qida və digər vacib istehlak malları üçün idxaldan asılılıq getdikcə dərinləşir. 

“Fitch”in məlumatına görə, koronavirus pandemiyasından yaranan xarici təsirlər, 2020-ci ilin ilk yarısında pul baratlarının ötən ilin müvafiq dövrünə nisbətən 22 faiz azalmasına səbəb olub. Ölkənin kapital və maliyyə hesabı da cari əməliyyatlar hesabının kəsrini örtə bilmir. İqtisadi və siyasi qeyri-sabitlik vəziyyətində yeni xarici investisiyalar cəlb edərək cari kəsrin maliyyələşdirilməsi mümkün görünmür.

Ekoloji problemlər “Amulsar” mədənindəki “Lydian International” kimi mədən şirkətlərinin fəaliyyətini məhdudlaşdırır. Azərbaycana ərazi iddiaları səbəbindən ölkə BTC və BTK kimi bölgədəki böyük nəqliyyat layihələrindən təcrid olunub.

Ermənistanın maliyyə hesabına dair proqnozlar qeyri-rezidentlərin depozitlərinin geri götürülməsini də nəzərə alır. Beləliklə, milli valyutaya təzyiq artmaqdadır. Rəsmi məlumatlarına görə, 2020-ci ilin yanvar-avqust aylarında xarici borc 4,7 faiz artaraq 2020-ci ilin sentyabrına qədər 6,1 milyard ABŞ dollarına çatıb. Kredit əsasən bir neçə xarici və beynəlxalq təşkilat tərəfindən verilib, ölkənin BVF-dan cəlb etdiyi və indiyədək demək olar ki, tamamilə xərclədiyi 2020-ci il üzrə büdcə dəstəyi, AB qrantı və BMİ-nin layihələr üzrə maliyyəsindən ibarətdir. Eləcə də, 2020-ci il 31 avqust tarixinə Ermənistanın dövlət borcunun 76 faizdən çoxu xarici valyutadadır ki, bu da ölkəni məzənnə dəyişkənliyinə qarşı həssas edir.

Beləliklə, Ermənistanda ixrac sənayesində durğunluq, xaricdən pul baratlarının azalması, davam edən hərbi əməliyyatlar, səhiyyə böhranı və dayanıqsız pensiya sisteminin kombinasiyası xarici və fiskal dayanıqsızlığı artırır və əkiz kəsirləri genişləndirir. Bu da öz növbəsində məzənnə dəyişkənliyinə, xarici valyuta ehtiyatlarının azalmasına, yeni kreditlərin cəlb olunma xərclərinin artmasına, xarici borcun və faiz yükünün artmasına səbəb ola bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678