Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda məhsullar rus dilində markalanır: “İnsanları aldatmaqla bizneslərinə davam edirlər”

127 Baxış

Azərbaycanda məhsulların markalanması zamanı məhsulun təsviri ilə bağlı məlumatlar çox vaxt rus, digər hallarda isə ingilis və sair dillərdə əks olunur. Bu istənilən halda istehlakçıda çaşqınlıq yaradır və bəzən isə alıcıların aldanmasına gətirib çıxarır.

Misal 1: Fotodakı məhsul Azərbaycan məhsuludur. Brendin markalanmasında (La Monde) fransız dilindən, məhsul haqqında ilkin məlumat (Biscuits and chocolates) ingilis dilində, məhsulun təsviri (Хрустящие вафли ореховые) isə rus dilindədir.  

Misal 2: Fotodakı meyvə şirəsi Azərbaycan məhsuludur və Azərbaycanda istehsal olunub. Onun markalanmasında rus dilindən istifadə olunub. Şirənin təsviri (blackcurrant nectar) əlavə olaraq ingilis dilində təqdim edilib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda istehlakçılar tərəfindən bu cür məsələlərlə bağlı şikayətlərin sayı artıb.

Onun sözlərinə görə, Azərbaycanda istehlakçılar üçün məlumat standartları yoxdur və müvafiq halların qarşısının alınması üçün belə standartlar hazırlanmalıdır:

“Sahibkarlar bu standartların olmamasından istifadə edirlər. İstehlakçı hüquqlarını pozaraq onu aldadırlar. Məsələn, Rusiya şirkəti “Oreo” adlı dondurma istehsal edir və Azərbaycanın yerli şirkəti də cəmi bir hərf əlavə etməklə “Orego” adı ilə eyni rəngdə, dizaynda dondurma bazara çıxarır. Həmçinin, şikayət edilir ki, “Sevimli Dad” brendinə oxşar, özünü istehlakçıya “Sevimli” adı ilə tanıdan şirkətin də istehlakçıları çaşdırdığı bildirilir. Bu mallar biri-biri ilə yanaşı qoyulur. İstehlakçı isə qeyd edir ki, məhsulu aldıqda fərqli dadla qarşılaşırlar”.

Birliyin sədri əlavə edib ki, yanacaqdoldurma məntələrində də eyni mənzərə ilə qarşılaşmaq mümkündür:

“Lukoil” brendi ilə oxşar adda yeddi YDM fəaliyyət göstərir. Bu istehlakçının aldadılmasıdır. Bununla əlaqədar olaraq avtomobillərin mühərrikində problem olur. Şirkətlər öz brendinin qorunması üçün mübarizə aparmır və dolayısıyla istehlakçının aldadılmasında onlar özləri də iştirak edirlər”.

Eyyub Hüseynovun sözlərinə görə, ərzaq məhsullarında müəyyən problemlər yaşanır:

“Təəssüf ki, Azərbaycan istehsalçıları öz brendlərini əbədiləşdirib dünyaya tanıtmaq istəmirlər. Digər brendləri təşviq edərək istehlakçını aldatmaqla öz bizneslərini davam edirlər”.

Məsələyə hüquqi müstəvidən yanaşdıqda isə məlum olur ki, brend sahibinə məhsulun markalanmasında müəyyən sərbəstliklər verilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunun 4-cü maddəsinə əsasən, sahibkarlar istehsal etdiyi, qablaşdırdıqları, emal etdikləri məhsullara əmtəə nişanını seçməkdə sərbəstdirlər.

“Qanuna əsasən, əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, nişanlar, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və göstərilənlərin hər hansı uzlaşması qeydə alına bilər. Eləcə də, əmtəə nişanının rus, ingilis və ya digər dillərdə, yaxud hər hansı işarədən ibarət olmaqla təqdim olunması da qanunla qadağan edilmir. Lakin “Haqsız rəqabət haqqında” qanunun 9-cu maddəsinə əsasən, əmtəənin mənşəyi, hazırlanma üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə olunması qadağandır”.

Qanunlara əsasən, istehsal olunan məhsulların üzərində məhsulun adı, istehsalçının adı, ünvanı və əlaqə məlumatları mütləq Azərbaycan dilində də əks olunmalıdır. Bununla yanaşı, malın üzərindəki etiketlər və digər yazılar aydın, sadə dildə, başa düşülən şəkildə tərtib edilməlidir. Bu yazılar diqqəti çəkən, asan oxunan və uzun müddət silinməyən, istehlakçı üçün aydın və dəqiq olmalıdır. Dövlət Xidmətindən tövsiyə edilib ki, istehlakçılar məhsulu əldə edərkən, üzərindəki məlumatlarla diqqətlə tanış olsunlar.

İstehsalçının isə markalanmada xarici dillərdən istifadə etməsinə səbəb daha çox istehlakçı cəlb etməkdir. Bununla da onlar məhsulun alıcılıq qabiliyyətini artırmağı düşünürlər. Yəni məhsulun üzərindəki təsvir və digər ünsürlərin əcnəbi dilində markalanması marketinq siyasətinin bir hissəsi kimi dəyərləndirilir. Bununla da xarici, eyni zamanda uzun illər ərzində özünü təsdiqləmiş brendlərlə rəqabətə davamlı məhsul bazara çıxarmağı hədəfləyirlər. Lakin, qanunvericilikdə nəzərdə tutulan sərbəstlikdən bəzi müəssisələr sui-istifadə edirlər və bu hallar da istehlakçının çaşqınlığına, dolayısıyla aldadılmasına səbəb olur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678