Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Biz özümüzü zorlayırıq, əlimə su tökməyə yaramayanların bu gün mükafatları var” – MÜSAHİBƏ

32 Baxış

Turanmedia.az “Nar bağı”, Suğra və oğulları”, “Xoca” “Sarı gəlin”, “Əqrəb mövsümü”, “Körpü” və s. film və seriallarda rol alan aktyor Səmimi Fərhadın Ölkə.Az-a müsahibəsini təqdim edir:

– Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Əvvəlcə adınızdan başlayaq. Səmimi, yoxsa Fərhad?

Ad – 00:21
– Adım Səmimidir. İllərdir mən bu adla mübarizə aparıram (gülür). Əksəriyyət düşünür ki, heç Səmimi deyə ad olarmı. Ona görə, hamı Fərhad deyir. Fərhad babamın adıdır. Qoy, desinlər, kişinin adı yaşasın. Elə adımı da babam qoyub.

Babam ədəbiyyat fənnindən dərs deyib. Adımı da hansısa sevdiyi əsərdən götürüb. Düzünü desəm, əsərin adı yadımda deyil.

– Bildiyiniz kimi, artıq işğaldan azad edilmiş Laçına köç başlayıb. Ailələr hissə-hissə oraya köçürülür. Bir laçınlı kimi siz də köçüb orada yaşamağı planlaşdırırsınızmı?

– Həmişəlik Laçına köçməyi düşünürəm. Mütləq gedəcəyəm. Bu dəqiqə bizim evimiz hazır deyil deyə, hələlik buradayıq. Hazır olanda, inşallah, gedəcəyik. Laçında doğulmuşam, Laçında da öləcəyəm.

– Məcburi köçkün həyatı yaşamısınız. Yəqin ki, xeyli çətinlikləriniz olub.

– Həyatımı dramatikləşdirmək istəmirəm. Bəlkə də mənim həyatım efirdə öz həyatının çətin olduğunu deyənlərdən daha çətin olub. Onların bəzilərinə baxanda gülməyim gəlir ki, yaşadıqlarımı yaşasaydılar, nə edərdilər. Müharibədə artilleriyanın altında qalmışdıq. Ondan sonra daha pis oldu. Tələbəlik illərimə qədər çətinliyim çox olub. Gecə mühafizəçi işləyirdim, gündüz universitetə gedirdim. Teatrda işləyə-işləyə belə, başqa işlərlə məşğul olurdum.

– Travma demişkən, incəsənət adamlarında sanki buna meyillilik olur. Elə bil, həyatlarını olduğundan daha dramatik təqdim etməyə çalışırlar.

– Əlbəttə, elələri çoxdur. Birinin üstünə beşini qoyub danışanlar var. Vallah, mən hələ azaldıb deyirəm. Bu, yaxşı deyil, travmadır, heç kimə arzulamıram. Bir tərəfdən də düşünürəm ki, travması olmayan yaradıcı adamlar sənətlə də yüngül məşğul olurlar.

– Belə bir fikir var ki, aktyorlar real həyatda da aktyorluq edirlər.

– Bu sözü bütün aktyorlara aid etmək doğru olmazdı. Kaş ki mən də həyatımı oynaya biləydim. Bilirsiniz, mən nələr edərdim, nələr qazanardım. Biz nə ediriksə, tamaşaçı qarşısında edirik. Amma elə aktyorlarımız var ki, həyatda səhnədəkindən daha çox oynayır. Kaş ki elələri də bu istedadlarını sənətə gətirə biləydi. Amma bu o demək deyil ki, heç oynamırıq. Yalan da danışırıq müəyyən qədər. Təbii ki, zərərsiz yalanlardan söhbət gedir.

– Aktyorluğun sizi çətin vəziyyətdən xilas etdiyi olubmu?

– Təbii ki, olub. Daha çox yol polisi saxlayanda (gülür). Onlar məni tanımır deyə, başqa cildə girirəm.

– Dünyada məşhurlara ünvanlanan populyar bir sual var: əgər bir meyiti gizli basdırmalı olsaydınız, bunu kiminlə edərdiniz. Yəni sizin bu qədər etibar etdiyiniz sənət yoldaşınız varmı?

– Elə biri yoxdur. Aktyorlardan dost olmur. İstəsən də olmur. Əksərən belədir, demək olar. Müsahibəni oxuyan həmkarlarım bilirlər ki, həmişə dostluqda, yoldaşlıqda mərdi-mərdanə olmuşam. İstənilən anda yanlarında olmuşam. Elə olub, tələbəlik illərimizdə canımı sipər etmişəm. Dəyməz. Sənə öz yerlindən, qonşundan, xalan oğlundan və ya tam başqa sahənin adamından dost olar, amma bu sənətin adamından dost olmaz. Yalnız yalançı bir təbəssümlə salamlaşmaq – sağ ol, var ol. Bəlkə də mənim həyat tərzim onlarla uyğun gəlmir. Öz kriteriyalarım var. Mən şərəfsizi də oynayıram, narkomanı da oynayıram, sərxoşu da oynayıram, nəyi desəniz, oynayıram…Üzr istəyirəm, fikrimi unutdum. Sözümü dostluğa gətirirdim. Niyə olmadığını izah edəcəkdim. Nəysə, keçək. Görürsünüz, heç bunun söhbəti belə alınmır (gülür).

Biz 3 dost idik. Onlardan birini 28 yaşımda itirmişəm. Oğlum Arslana da onun adını vermişəm. İndi ikimiz qalmışıq. Yaxşı münasibətdə olduqlarım inciməsinlər, hər adama dost deyə bilmərəm. Həyatıma elə adam girər ki, 20 il yoldaşlıq edərəm, amma bir dəfə də olsa, ona dost deyə bilmərəm. Yaxşı yoldaşlarım var, amma bu, dostluqdan fərqlidir.

– Xasiyyətinizi bilmirəm. Müsahibələrinizi oxuyanda, açıqlamalarınıza baxanda məndə ipə-sapa yatmayan, dava-dalaşa meyilli, dəcəl uşaq təəssüratı yaratdınız. Deyə bilmərəm ki, beləsiniz.

– Qurban İsmayılov (Xalq artisti-red.) mənə “dəjəl xəta” deyir. Bilirsiniz, siyasətim yoxdur. Bir dönəmim olub ki, gücüm ağlımdan çox olub. İndi, şükür Allaha, yaşım o yaş deyil. Hər şeyi yumruq, şillə, dava həll etmir. Dava ən axırıncı mərhələdir. Amma bəzən qaçılmaz olur.

– Səhv etmirəmsə, “Əqrəb mövsümü” serialının çəkilişləri vaxtı Əməkdar artist Abbas Qəhrəmanla və aktyor Hikmət Rəhimovla dava etməyinizlə bağlı xəbərlər var idi.

– Bu mövzular azı 2 il əvvəldə qalıb. Həmişə bu barədə danışmaqdan yayınmışam. Bəli, belə bir şey olmuşdu. Heysiyyatıma toxunan bir neçə məsələ vardı. Amma A.Qəhrəmanovla bağlı deyildi. Hikmət Rəhimovla insident olmuşdu, qarşı tərəf şikayət etmişdi. A.Qəhrəmanovu şahid kimi özü ilə aparmışdı. Şikayətdən sonra məsələ hüquqi müstəvidə həllini tapdı.

A.Qəhrəmanov serial ərəfəsində məndən küsmüşdü. Amma çəkiliş zamanı oyunda o qədər səmimiyyət yaranırdı ki, “Stop”dan sonra da danışırdı və birdən yadına düşürdü ki, biz küsülüyük.

– Sizcə, film sektorunda ən böyük çatışmazlıq nədir?

– Nə çatır ki?! Birinci növbədə aktyorun komfortu. Qonorar, qrim ustaları, kostyum vaqonları, hərəyə bir karavan, aktyorun köməkçisi və s. Xaricdə aktyor karavanda istirahət edir, məqamı çatanda gedir səhnəsini oynayır. Biz serial çəkməyə səkidə bordürün üzərində oturub dönər yeyə-yeyə başlamışıq. İndi-indi nəsə alınır. Ona görə çalışıram, mənə hömət edən adamlarla işləyim ki, o çətinlikləri görməyim. Bu dəqiqə əsas çatışmazlıq qonorardır. Çünki sadaladığım şeylərin hələ bizə gəlməyinə çox var. Biz onlarsız da böyük işlər görə bilərik. Heç olmasa, aldığımız qonorar yaxşı olsun.

Tutaq ki, siz efirdən mənə baxırsınız. Sizə nə maraqlıdır ki, Səmimi bunu 5 manata oynadı, yoxsa 5 min manata. Siz baxırsınız ki, Səmimi yaxşı, yoxsa pis oynadı. Bizə yaxşı qonorar təklif olunan işə getmirik, amma az qonorar verilən və zövq alacağımız işi seçirik. Onlar da bizim durumumuzdan istifadə edirlər ki, onsuz da, Səmimi bunu boynuna götürdüsə, öhdəsindən gələcək, can qoyacaq. Pis çıxsa da, deyəcəyəm, biz özümüzü zorlayırıq.

– Yəqin ki, söhbət seriallardan gedir.

– Düzdür, indi gündəlik seriallarda çəkilmirəm. Adamlar bir ilin layihəsini 3 aya tamamlayırlar. Görün, nə qədər haqqa girirlər. Bu layihə 6 ay davam etməlidirsə, aktyoru, geyim rəssamı, bütün heyət 6 ay maaş alacaqsa, bunlar qəhrəman çıxıblar guya, ay yarıma fabrikat şəklində çəkilişlər edirlər. Bizim bütün seriallarımız evdə çəkilir. 3 dənə villa götürürlər hərəsi birinin evidir. İndi-indi normal işlər üzə çıxır. Gənclərimiz inqilab edir. Artıq ələnmə dövrüdür.

Biz tamaşaçını qınaya bilmərik. O işi tamaşaçıya biz təqdim edirik. Təsəvvür edin ki, nə qədər aktyor olmaq istəyən adam var. Bilirsinizmi niyə? Asan və bayağı məhsullar təqdim olunduğuna görə. Tamaşaçı baxır və deyir ki, bu nə etdi ki, bunu mən də bacararam.

– Xarici ölkələrdə aktyorlar lüks həyat yaşayır. Villaları, yaxtaları, maşınları və s. olur. Bizdə isə aktyorlar haqqında “acından ölür” ifadəsi işlədilir.

– Sovet dönəmində də aktyorların yaşayışı çox gözəl olmayıb. Düzdür, 13-cü maaş olub, dövlət tərəfindən yardımlar edilib və s. Sadəcə olaraq o dönəmdə məşhurlarımız az idi. Onlar da o qədər əlçatmaz idi ki, hansısa rayona gedəndə icra başçıları onları qonaq edirdi, ciblərinə pul basırdı, yaxşı yaşayırdılar.

Pis çıxmasın, öz qohumlarından rütbəli adamlar məni harasa çağıranda getmirəm ki, birdən çaşıb mənə deyər ki, Səmimi, bir şeir de görüm. Şeiri o vaxt deyərəm ki, məqam düşsün, ürəyimdən gəlsin. Kiminsə mənə manıs kimi baxmağını istəmirəm. O qədər gözəl sənətkarlarımız var ki, belə şeylərə gediblər. Heç vaxt heç kimi qınamıram. Həyat adamı dar məqama sala bilər. Amma mən o cür məqama düşəndə, gedib alçipan fəhləsi işləmişəm, amma sənətimi satmamışam. Bəlkə də kənardan pafoslu səslənir. Deyə bilərlər ki, sən nəsən ki, nə sənətin ola. Vallah, yox, elə deyil. Hər nədir, bu mənimdir. Mən ciddi sənətlə məşğulam. Zaman keçdikcə başa düşdüm ki, ya populyarlığı seçməliyəm, ya da sənəti.

– Aktyorun aldığı məbləğin onun gördüyü işin keyfiyyətinə təsiri varmı?

– Niyə yoxdur ki?! Evin problemi, uşaq zəng edir bir şey istəyir və s. O qədər problemlər var ki… İki cəriman varsa, bir toy varsa, yas düşübsə, deməli, pul lazımdır. Sən də bu problemin içərisində gedib fəhləliklə məşğul ola bilirsən, etmişəm də, amma aktyorluq etmək olmur. Məsələ budur.

Bəzən bir oliqarxı canlandırırsan. Adamın özünün gülməyi gəlir ki, kreditə görə bankla indi danışdım.

– Bəzən hansısa ekran işi yaxşı alınmayanda cəmiyyət deyir ki, bu nə aktyorluqdur. Aktyorlar belə məqamda deyir ki, problem ssenaridədir. Ssenarist isə aktyoru günahlandırır. Problem hansındadır?

– Ssenarist gözünün içinə qədər yalan deyir. Çünki onların səhvlərini biz düzəldirik. Elə obraz var ki, yükü yoxdur. Aktyor məcbur olur ona bir əlavə edir. Aktyorluq yalnız ssenarini əzbərləyib sözünü demək deyil. Biz ssenaristlərin əziyyətini çəkirik. Çoxu da “bezdarnı”dır.

– Xarici ölkələrdə aktyor bildiklərinin ona yetmədiyini düşünərək işini qoyub təhsilini artırmaq üçün başqa ölkələrə üz tutur, kurslara gedir. Siz də təhsilinizi artırmaq istəyərdinizmi?

– Mənim istədiyim kurslar, təhsillər böyük maddiyyat tələb edir. Buna imkanım yoxdur. İmkanım olsaydı, təbii ki, reallaşdırardım. Bu, mümkün deyil deyə, maksimum şəkildə öhdəmə düşən işi yerinə yetirməyə çalışıram. Məsələn, deyirəm ki, bu cür obraz oynamışam. Rejissorla məsləhətləşirəm ki, bəlkə bunu dəyişək, digərinə oxşamasın. Təbii ki, daha çoxunu öyrənməyi istəyərdim.

Bir çox aktyorlarımız işıqla işləməyi, kamera ilə ünsiyyəti bilmir. Eləsi var ki, çox yaxşı aktyordur, amma texniki tərəflərini bilmir. Məsələn, mən kənardan baxıb aktyorun oyunundan təsirlənirəm, montajdan çıxan materialına baxıram ki, o deyil. Bəs buna səbəb nədir? Adam kameranı hiss etməyib, oradakı publikaya oynayıb. Bu da daha çox teatr aktyorlarında olur. Teatrla filmin arasında fərqlər var.

Bəzən də görürsən ki, tərəf müqabilinin kölgəsi sənin üzünə düşür. Ona görə də kursa getmək, yeni şeylər öyrənmək nəinki mənə, qocaman aktyorlarımıza da lazımdır.

– Rejissorluq üzrə təhsil alsanız da, aktyorluq edirsiniz. Nə vaxtsa film çəkmək xəyalınız varmı?

– Heç kim inanmırdı ki, mən aktyor olaram. Zərurətdən akyorluğa başlamışam. Fikirləşdim ki, biri var, özüm böyük yükün altına girim, biri də var ki, yük aparanın yükünə qoşulub kənardan dəstək verirəm. Mən bunu seçdim. Düşünürəm ki, indi yox, amma sağlıq olsa, nə vaxtsa bəlkə öz filmimi çəkərəm.

– Ümumilikdə aktyorların rejissorluğa bu qədər həvəs göstərmələrinin səbəbini nədə görürsünüz?

– Onları deyə bilmərəm, amma rejissorluq mənim ixtisasımdır. Peşəsi aktyor olub rejissorluq iddiasında olanları da başa düşürəm. İnsanlar istədikləri şeyi oynamaq arzusundadırlar. Elə bilirsiniz ki, oynadığımız hər şeyi istəyib edirik? Ona görə də aktyorlar oynamaq istədikləri şeyləri çəkmək istəyirlər.

– Elə kişi aktyorlar var ki, deyir, məsələn, qadın rolunu canlandırmaram. Eləsi də var, gey rolunu qəbul etmir. Sizin “oynamaram” dediyiniz rol varmı?

– Məsələn, Mahsun Kırmızıgülün “Günəşi gördüm” filmində gey obrazını canlandıran aktyorun fakturası buna uyğundur. Mənim üçün məhdudiyyət yoxdur. Əgər hansısa rejissor məni inandırsa ki, bu rolda hamı səni el içində yaxşı kişi kimi tanıyır və sonradan məlum olur ki, cinsi azlığa mənsubsan, onda niyə də yox?! Çəkilərəm. Mənim sənətimdə heç bir sərhəd yoxdur. Yetər ki, məni inandırsın.

– Tamaşaçıların xarici filmlərdə açıq-saçıq səhnələri bəyənməsinə baxmayaraq yerli ekran işində bunu qəbul etməməsi barədə nə deyə bilərsiniz?

– Cəmiyyətin qınağı yersizdir. Əgər bu səhnə lazımdırsa, estetik tərəfi varsa, hə. Amma orada kriminal da olsun, bir az baxış üçün 18+ da olsun kimi yanaşmaq düzgün deyil.

 

– Demişdiniz ki, teatrda işləmək üçün maddi imkanım yerində olmalıdır.

– Çünki aktyorlarımız teatrda işləsinlər deyə, gedib klounluqla məşğul olurlar. Yaşlı aktyorlardır. Biz gəncliyimizdə onlarla birgə çalışmışıq. Zaman-zaman mən də onlarla tədbirlərdə iştirak etmişəm. Amma bu belə davam edə bilməz. İnsan 40 yaşına qədər kloun gedər?! Eləsi var qrimi silmir, 4 məclisə ardıcıl gedir. Özü də qəpik-quruş üçün.

Teatrın özünün də nə təqdim etdiyinə baxmaq lazımdır. Xarici ölkələrdə teatra yağış yağdırırlar, ocaq yandırırlar və s. Bizdə isə sadaladıqlarım yoxdur. Hər şeyi teatrın üstünə atmaq düzgün deyil. Bunun üçün büdcə lazımdır. Dövlət əl atmasa, mümkünsüzdür.

– Ən bəyəndiyiniz aktyor kimdir?

– Yusif Vəliyev. Düzdür, biz çox fərqliyik. Mən özümüm ona oxşatmıram. Amma ən sevdiyim o və Tofiq Qarayevdir.

– Xarici ölkələrdən çəkiliş üçün nə vaxtsa dəvət gəlibmi?

– O vaxt türkiyəli rejissor Naci Çelik Berksoy silsilə filmlər çəkirdi. Hər bölümdə qonaq aktyorlar olurdu. Mənimlə 4-5 bölüm işləmişdi. Bir rolum vardı. Əvvəl oliqarx olur, sonra pis vərdişlərə görə “bomj” olur, küçələrdə yatır. Mən də həmin vaxtlar diş həkiminə gedirdim. Dişimdə “vremenka” vardı. Obraza uyğun dişi çıxartdım, qoydum cibimə və o formada çəkildim. Naci bəy məni çağırdı ki, bu nədir? Dedim, bizdə bir söz var, aktyor plastilin kimi olmalıdır. Biz Azərbaycan o qədər inkişaf etmişik ki, aktyorlarımız “zapçast” olur. İstədiyin detalı çıxara bilirsən. O qədər gülmüşdü ki…

– Rol aldığınız “Nar bağı” filmi xeyli mükafatlara layiq görülüb. Amma mükafat alanlar arasında siz yoxsunuz.

– Yəqin, yaxşı oynamışam, o nifrəti qazandırmışam, ona görə. Heç olmasa, mənfi roluma görə mükafat verəydilər.

Əlimə su tökməyə yaramayanların bu gün mükafatları var. Mənə teatrdan düşməsə də, filmə görə mükafat düşməli idi. Ən azı Əməkdar artist adını almalı idim. Yəqin Xalq artisti adını birdəfəlik alacağam, ona görə gecikdirirlər (gülür).

Amma mükafatla bağlı iddiam da yoxdur. Mükafat məsələsinə gələndə, məndən böyüklər var axı. Mən onların yanında səsimi çıxarmağa utanaram. Elə aktyorlar var ki, teatrda illərdir əziyyət çəkirlər.

– Fəxri ad olmasa nə olar?

– Allah haqqı, heç nə. İnanırsınız, elə məqam düşər ki, deyərəm, bunu mənə yox, filankəslərə verin. İşimlə bağlı düşünürəm ki, özümə kapital yığmışam. Ümid yerim budur. Hər bayağı şeyə getməmişəm, ciddi sənətlə məşğul olmuşam ki, nə vaxtsa, bəhrəsini görüm. Mənə elə gəlir ki, o gün yaxındadır. Hiss edirəm.

– Ən son rol aldığınız seriallardan “Əqrəb mövsümü”nü, yoxsa “Körpü”nü daha çox bəyənirsiniz?

– “Körpü”. İnanın ki, Emil Quliyev özü də “Körpü” serialını daha çox bəyənir. “Körpü”nün ssenarisi gələndə Emilə (rejissor E.Quliyev-red.) dedim ki, sən mənim karyeramla oynamaq istəyirsən? Dedim ki, bu işə ciddi baxa bilmirəm, ruh nədir? Azərbaycanda belə bir mistik ekran işinin təsəvvür edə bilmirdim. Daha bilmirdim ki, Emil bunun bədii həllini artıq tapıb, nə etdiyini bilir. Dedi ki, mənə inanmırsan? Məni yola gətirdi. Doğrudan da düz deyirmiş.

Hər iki serial sözün yaxşı mənasında inqilab elədi. Bu artıq rəqabətin başlanğıcından xəbər verir. Bütün gün ər-arvad dialoqları, ailə-məişət problemləri olan bayağı serialların ələnmə dövrü gedir.

Çünki Emil Quliyev gənclərə, tanınmamış simalara rol verir. Bir səbəbi də budur. Məsələn, Mila Bekova onlardan biridir. İncəsənəti bitirsə də, uzun müddət ölkədə olmayıb.

– “Körpü”nün davamı çəkilirdi.

– Bəli, artıq çəkilişlər bitib. “Körpü 2” hazırdır. İkinci sezonda bizim olduğumuz hissələr azdır, başqa hekayələrə yer verilib. İkinci hissədə Yuğ Dövlət Teatrının aktyoru Amid Qasımov və başqaları yer alıb.

– Yaraşıqlı və ya gözəl olmaq kastinqlərdə rol oynayırmı?

– Yaraşıq önəmli məsələdir. Yaxşı olar ki, aktyorun boy-buxunu olsun. Amma əsas odur ki, aktyorlar üzərinə düşən vəzifələri bilsinlər. Aktyor ən azından suya kəllə vurmağı, hündürlükdən hoppanmağı bilməli, suya fobiyası olmamamalıdır. Baxıram ki, gənc aktyorların çoxu velosiped sürməyi bacarmır, qayıqda avar çəkə, at çapa bilmirlər. Aktyor bir az bərkə-boşa düşməlidir. Bir azca səsi, vokalı və s. bir sözlə, nəyisə olmalıdır. O qədər eybəcər aktyorlar var, amma o qədər gözəl obrazlar təqdim edirlər.

– Tanınmaq məsələsi necə, küçədə sizi tanıyırlarmı?

– Yalan deməyim, məndə bu, çox baş vermir. Amma heç olmasa, 5-dən 3-ü tanıyır. Bəzən mən özüm elə vəziyyətdə oluram ki, həmin anda tanınmaq istəmirəm. Hərdən bir qadın gəlir ki, bala, o televizordakı gədə sənsən? Acığıma gəlir. Başa düşürəm, tamaşaçıdır, qınaya bilmirsən. Deyirəm, yox, xala, o kimdirsə, məni ona yaman oxşadırlar. Qayıdır ki, səni pis adama oxşatmıram, minnətin olsun.

– Az məbləğə incəsənət üçün filmdə çəkilmək, yoxsa yaxşı məbləğdə kütlə üçün çəkilən filmlərdə çalışmaq?

– 2010-cu ildə aktyor Elnur Kərimov mənə zəng elədi ki, “Qayınana” serialına günü 125 manat, həftəlik minimum 3 gün çəkiliş qarantiyası verilir. 4-5 gün də ola bilər. razılaşmadım. O vaxtı Heydər Əliyev Sarayına yaxın yerdə “obşi” həyətdə yaşayırdım. Gördüm dayım dayanmadan kiməsə zəng edir. Soruşdum ki, kimi yığırsan? Dedi ki, görmürsən, fəhlə də mənə naz edir. Dayım da alçipan ustasıdır. Restoranda iş götürmüşdü. Soruşdum ki, fəhləyə nə qədər verirsən? Dedi günü 15 manat. Dedim sabahdan işləyərik. Ay yarım günü 15 manatdan alçipan vurdum, amma günü 125 manatlıq serialdan imtina elədim.

Bir dəfə Filarmoniya restavrasiya olunurdu. O vaxt nazir Polad Bülbüloğlu idi. Nazirin müavinləri işlərə baxmağa gəlmişdi. Həmin vaxtı mən də Gənc Tamaşaçılar Teatrında ərizəmi yazmışdım. Getmişdim günü 2 şirvana orada fəhləlik edirəm. Əliqismət müəllim (Əliqismət Lalayev-red.) məni gördü, diqqətlə baxdı və tanıyanda xeyli təəccübləndi.

O mənə xeyli dəstək olub. O vaxt problem olanda məni nazirliyə çağırmışdı. Dedi ki, sən boksçusansa, göndərək get yarışlara qatıl, yer tut. Aktyorsansa, başını sal, aktyorluğunu elə. Ondan sonra sakitləşdim bir az.

– “Sektor vəfasızdır, gündəmdə qalmasan, undulursan, iş gəlmir” fikri nə dərəcədə doğrudur?

– Qoy, mən unudulum. Unudulanda nə olur ki? Ola bilər, elə yaxşı proyektdən elə qonorar alaram ki, mənə 5 ay bəs edər. 5 aydan bir iş görərəm, amma yaxşı iş görərəm. Qoy, məni gec-gec görsünlər. Nə əhəmiyyəti var ki? Biz bunu qalıcı ediriksə, bu günü düşünmürük. Əgər biz bu günü düşünürüksə, populyarlığı, gündəmi düşünürük. Qalıcı işlər görmək hələm-hələm ərsəyə gəlmir.

Gündəmdə olmağın haradasa təsiri var. Düşünürlər ki, tələbatlı aktyordur, bunu çəkək.

Bayaq aktyorun xarici görkəmindən soruşdunuz. Yaraşıq elə şeydir ki, bu, tamaşaçını 10 dəqiqə, rejissor yaxşı təqdim eləsə, 15 dəqiqə aldada bilir. Sonra o yaxşı oyun sərgiləməyəndə, tamaşaçını inandırmayanda onun yaraşığı türklər demiş “vız gəlir”.

Bəzən də baxırsan ki, xaraktercə zəif, paxıl adamdır, mənfi obraz veriləndə ürəksiz oynayır. İstəyir, pisi yaxşıya çevirsin. Ay bala, sən birinci özünü oyna. Mən səni tanıyıram, şərəfsizin öndə gedənisən, bu rol sənin əyninə biçilib.

– Bəzən aktyorlar rolu üçün kəskin arıqlayır və ya kökəlir. Adam var ki, “bomj” roluna girmək üçün bir neçə gün ac qalmağa çalışır və s. Sizin bu cür hazırlaşdığınız rolunuz olubmu?

– Kökəlməyi də, arıqlamağı da sürətli şəkildə edə bilirəm. Bu dəqiqə Qurban Qurbanov haqqında çəkilən bədii filmdə Qurbanovu canlandırıram. Rolum üçün arıqlamalıyam.

Mən rolu daxilimdə bişirirəm. Güzgüyə baxaraq məşq etməyi sevmirəm.

Ümumiyyətlə, güzgüyə baxaraq oynamaq çox pis texnikadır. Ən çox teatr aktyorları güzgünün qabağında məşq edirlər. Güzgü insanın enerjisini alır. Bu, alimlər tərəfindən təsdiqlənmiş faktdır. Mən güzgü ilə oynayıramsa, burada təbii heç nə ola bilməz. Güzgü mənə mane olacaq. Özümü görə-görə necə oynaya bilərəm? Özümü müşahidə edəndə obraz kənarda qalır.

– Bir məşhur çətin vəziyyətdə olanda hamı ondan danışır. İrəli gedib yaxşı yaşayanda ona qarşı tənqidlər olur və s. Bu nə ilə bağlıdır?

– Kütlə heç də əzilənin yanında olmur, əziyyət çəkənə dəyər vermir. Bu gün görürsünüz ki, dəyər verilənlər kimlərdir. O qədər bəsit adamlardır ki, onların heç birinin adını çəkə bilmərəm. İnternet, TikTok fenomenlərinə nə qədər hədiyyələr atılır. Bunu cəmiyyət edir.

Bu gün Rasim Balayevi tənqid edirlər ki, niyə Prezidentin qəbulunda olanda filan məsələlərdən danışmadı. Ora gedən birinci salam verir, sonra da təşəkkür edir. Bu adam millət vəkili deyil ki, getsin millətin hansısa problemindən danışsın. Siz Rasim Balayevi millət vəkili seçin, buraxın qabağa, getsin problemlərinizi desin. Adam yaradıcı insandır. Özü də hamı bilir ki, o brendi saxlamaq üçün çox əziyyətlər çəkib.

– Aktyor olduğunuza görə peşmançılıq çəkdiyiniz anlar varmı?

– Əminliklə deyə bilərəm ki, yox. Mən hələm-hələm peşman olan adam deyiləm. Məni doğulduğuma da peşman ediblər, amma həyata dördəlli sarılmışam. Peşmanlıq yox, təəssüf hissini bilirəm. Mənim üçün həyatda ən çətin şey insan qalmaqdır. Adamı adamlıqdan çıxarırlar. Gərək səbir edəsən. Əvvəllər əsəbiləşəndə telefonumu filan sındırırdım. İndi yox amma.

– Sizi əsəbiləşdirən nədir?

– Bir ssenarist var. Demişdi ki, serialın bir seriyasını bir günə yazam. Rəhmətliyin qızı, biz də az qalırıq sən yazdığını bir günə çəkək. Deyir, seriala nə var ki, serial mənim üçün məşqdir. Sən bizim üzərimizdə məşq edə bilməzsən. Bu, artıq işin icrasıdır. Məşq hazırlıq dövründə olur. Sonra da deyir ki, seriala nə var ki, biri ölür, biri öldürülür, biri zorlanır. Başa düşmür ki, günə 25 səhnə çəkərək, tamaşaçını inandırmaq üçün biz özümüzü zorlayırıq. Sənə nə var ki. Sənin yazdığını nə cür oynasan, inandırmaq olmur. Mən də əsəbiləşib sosial şəbəkələrdə paylaşım etmişdim. İndi də hər yerdən mənə maneə yaradır. Qruplaşmalar var. Hacı Zeynalabdin Tağıyev haqqında film çəkilirdi. Rejissor məni çağırdı kastinq elədi, təriflədi, amma nədənsə çəkmədi. Dedi ki, həmin xanım sizinlə əlaqə saxlayacaq. Onda ürəyimdə dedim ki, çətin ki, o mənimlə əlaqə saxlasın.

– Ən bəyəndiyiniz rolunuz?

– “Suğra və oğulları” filmində Əhəd obrazı.

– Şəki Dövlət Dram Teatrında çalışdığınız günləri necə xatırlayırsınız?

– Bir ara burada işlərim dolaşığa düşmüşdü. Çıxdım Şəkiyə getdim ki, bir müddət orada yaşayam. Oradan məni teatra dəvət etdilər. İnanırsınız, Mirbala Səlimli psixologiyanı o qədər yaxşı bilir ki, orada məşq edəndə məni danışdırmadan heç nə soruşmadan ruh halımı bilirdi. O məni müalicə elədi göndərdi. Şəki böyük məktəbdir. Orada işləməyimlə fəxr edirəm. Yusif Vəliyev də orada işləyib.

– Çəkilişlərdən ən yadda qalan məqamlardan birini danışa bilərsinizmi?

– 2017-ci ildə “Sarı gəlin” serialı çəkilirdi. Çəkilişlər gecə saat 3-də bitmişdi. Məndən xahiş elədilər ki, sabah səhər saat 10:00-da çəkiliş üçün Yasamal qəbiristanlığında olmaq lazımdır. Həmin günü Fuad Poladov rəhmətə getmişdi. Qəbiristanlıqdayıq. Mən burada səhnə oynayıram, digər tərəfdə də insan izdihamı çiyinlərində Fuad Poladovu aparır. Səhnə də belədir ki, mən mənfi xarakterəm, qızımın qəbrinin üstündə ağlayıram. İsti vaxtdır, gün vurub mərmərləri qızdırıb, toxunmaq olmur. Qəbrə baxıb danışıb ağlamalıyam. Qəbir arxa plandan çəkildiyi üçün tamaşaçı görmür. Mənim baxmağım üçün seçdikləri qəbrin üstündə isə Koroğlu kimi bığları olan yaşlı kişi fotosu var, dayanıb mənə baxır. Bu özü də bir ironiyadır. O boyda sənətkar çiyinlərdə gedir, mənsə bığı burma kişiyə baxıb “qızım” deyib ağlayıram. Çox çətindir.

– Maraqlı müsahibə üçün təşəkkür edirəm.

– Siz də çox sağ olun.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678