Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Astana və Bakının layihəsi: “Darboğaz” aradan qaldırılır

33 Baxış

Qazaxıstan Rusiyadan yan keçən nəqliyyat dəhlizindəki problemlərin aradan qaldırılması üçün yeni səylərə başlayıb, Azərbaycan və Gürcüstanla birgə logistika şirkəti yaratmaq barədə razılığa gəlib. Saziş ötən həftə Qazaxıstanın Baş naziri Əlixan İsmayılovun Cənubi Qafqaza səfərinin sonunda imzalanıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Eurasianet” məlumat yayıb.

“Şirkətin yaradılmasında məqsəd Çin və Avropa arasında yüklərin daşınması prosesini və hesablaşma prosesini sadələşdirmək olacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz perspektivlərinin pessimist təhlili tez-tez yüklərin bir çox dövlət sərhədlərini keçməli olduğuna işarə edir. Azərbaycan-Gürcüstan-Qazaxıstan logistika şirkəti bu maneəni aradan qaldırmağın bir yolu kimi görünür.

Artıq malların keçidinin asanlaşdırılmasında mühüm irəliləyiş əldə olunub. Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi bildirib ki, Çindən Transxəzər marşrutu ilə malların Avropaya çatdırılma müddəti son bir ildə 53 gündən 18-23 günə enib. Məqsəd bu rəqəmi daha da azaldıb, 10-15 günə salmaqdır. Yüklərin fiziki həcmləri nisbətən kiçik olsa da, tendensiya müsbətdir. İlin əvvəlindən iyun ayınadək marşrut üzrə çəki əsasında yükdaşımaların həcmi 1 milyon tonu ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz çoxdur. Lakin effektiv koordinasiya yolu ilə çatdırılma müddətləri azaldıla bilsə də, yeni infrastruktura sərmayə qoymadan həcmləri artırmaq mümkün deyil”, – məlumatda deyilib.

Qeyd olunur ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Qaydar Abdikerimov Xəzərin tranzit potensialını ən çox məhdudlaşdıran “darboğaz” Cənubi Qafqaz olduğunu deyib:

“Onun sözlərinə görə, zəif liman infrastrukturu imkanları məhdudlaşdırır və tıxaclara səbəb olur. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də İsmayılovla görüşü zamanı bu problemi etiraf edib: “Biz marşrutdakı darboğazları aradan qaldırmaq və Orta Asiya, Çin və ümumilikdə digər Asiya ölkələri üçün Orta Dəhlizi daha da cəlbedici etmək üçün əməkdaşlıq edirik”.

İsmayılovun səfəri zamanı bir çox başqa sövdələşmələr də olub. Onun Azərbaycanla imzaladığı 10 ikitərəfli sazişdən birində iki ölkə arasında həftədə icazə verilən uçuşların sayının 32-dən 42-yə çatdırılması nəzərdə tutulur. Astana bildirir ki, məqsədi Azərbaycana ixracı ikitərəfli ticarətdə 2022-ci ildə qeydə alınan 500 milyon dollardan 1 milyard dollara çatdırmaqdır.

Gürcüstanda bağlanan sövdələşmələr arasında Qazaxıstana məxsus olan və Qazaxıstan neftinin Qara dəniz bazarına çıxışını təmin edən Batumi neft terminalının gücünün artırılmasına dair razılaşma da var. Bu dəhliz Qazaxıstanın neft ixracında Rusiya ərazisindən asılılığını azaltmaq strategiyasının xüsusilə mühüm tərkib hissəsi kimi qiymətləndirilir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678