Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ali Məclisin sessiyası bir neçə gün davam edə bilər – Qanunverici orqan Talıbovdan sonra necə idarə olunur?

30 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Ölkə üçün önəmli olan bu xəbəri bizim informasiya agentliyimiz də yayımlayıb. Naxçıvan mövzusu həssas mövzu olduğundan əməkdaşlarımız muxtar respublika ilə bağlı xəbərləri dərhal mənə göndərir, məsləhətləşdikdən sonra dərc edirlər. Sessiyanın çağırılması ilə bağlı xəbəri redaktorumuz mənə göndərdikdən sonra zəng edərək bəzi məqamları dəqiqləşdirmək istədiyini bildirdi. Xəbəri oxudum və dərhal dərc edilməsini tapşırdım. İş görüşündə olduğum üçün telefonla danışmaq imkanım yox idi. Redaktorumuz isə israrla danışmaq istəyirdi. Toplantı salonundan çıxıb redaktorumuza zəng elədim.

-Eşidirəm, xəbərdə nə var ki? Mən oxudum, heç bir problem yoxdur, dərc edin.

-Bu qərar əvvəlkilərdən fərqlənir.

-Belə də gözlənilirdi.

-Müəyyən səhvlər var?

-Nə səhv?

-Qərarda qeyd olunub ki, sessiya avqustun 1-dən çağırılır. Avqustun 1-də olmalıdır. Yəqin ki, texnki səhvdir, düzəldək?

-Bu qərarda heç bir səhv yoxdur, əksinə, Ali Məclis indiyədək buraxdığı səhvləri aradan qaldırıb. Sessiya bir neçə gün davam edə bilər. Ona görə qərarı belə hazırlayıblar. Təcili xəbəri dərc edin.

Bəli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi buraxdığı səhvləri artıq aradan qaldırır. Uzun illərdən sonra ilk dəfə sessiyanın çağırılması ilə bağlı qərar Naxçıvanın Konstitusiyasına uyğun hazırlanıb. Növbədənkənar sessiyanın çağırılması tamamilə qanunlara uyğundur.

Biz bundan əvvəlki sessiyanın çağırılması haqqında qərarı tənqid etmiş, qanunların pozulduğunu bildirmişdik.

Bu ilin may ayında TNS-də dərc olunan “Bir qərarı belə düzgün hazırlaya bilməyən, Naxçıvanı çətin vəziyyətə salan Ali Məclisin aparatı istefa verməlidir” başlıqlı yazıda qeyd olunmuşdu ki, Ali Məclisin sessiyalarının çağırılması Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsi ilə tənzimlənir:

“Konstitusiyanın 18-ci maddəsinin birinci bəndində yazılıb: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır”.

Muxtar respublikanın Əsas Qanununun 2-ci və 3-cü bəndlərində isə növbədənkənar sessiyanın çağırılması qaydaları öz əksini tapıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir”.

Ali Məclisin sessiyaları adətən payız və yaz sessiyaları kimi, ilin əvvəlində və sonunda çağırılır. Zərurət yarandıqda isə Ali Məclis Konstitusiyaya uyğun olaraq, növbədənkənar sessiyalar çağıra bilər.

Ali Məclisin sonuncu sessiyası bu il yanvarın 10-da keçirilib. Elə həmin gün də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb. Növbəti sessiya isə ya bu ilin üçüncü rübündə, ya da ilin sonunda keçirilməlidir. 2023-cü ilin ortalarında muxtar respublikanın büdcəsinə yenidən baxılması zərurəti yaranacağı ehtimalını nəzərə alsaq, deməli, bu ilin ikinci yarısında Ali Məclisin növbəti sessiyası çağırılacaqdır. Əvvəldə qeyd etdiyimiz kimi, Konstitusiyada il ərzində iki dəfə sessiyanın çağırılması öz əksini tapıb. Bu məntiqlə götürsək, bu gün çağırılan növbədənkənar sessiyadır. Ona görə də Ali Məclisin sessiyasının deyil, növbədənkənar sessiyasının çağırılması haqqındaa qərar qəbul edilməli idi. Konstitusiyaya görə, növbədənkənar sessiyalarda cari məsələlər müzakirə olunmur. Bu gün imzalanan qərarda isə mayın 16-da keçiriləcək sessiyada cari məsələlərin müzakirə olunacağı bildirilir.

Göründüyü kimi, bu qərarı hazırlayan Ali Məclisin aparatı, qərarı imzalayan Ali Məclis sədrinin birinci müavini ya ciddi qüsura və qanun pozuntusuna yol verib, ya da Ali Məclisi çox çətin vəziyyətə salıb. Çünki əgər bu normal sessiya kimi keçirilərsə, Ali Məclisin növbəti sessiyası 2024-cü ildə çağırılmalıdır. Bu zaman isə bir sıra sual ortaya çıxır. Hələ ilin heç 5 ayını başa vurmamışıq. İlin sonuna qədər təsdiqlənməli qanun və qərarlar olarsa, Ali Məclis nə edəcək? Azərbaycan Respublikasının dövlət büdcəsinə yenidən baxılacağı ilə bağlı məlumatlar var. Bu da o deməkdir ki, iyun-iyul aylarında Naxçıvan Muxtar Respublikasının da büdcəsinə yenidən baxılması zərurəti yaranacaq. Belə olan təqdirdə Ali Məclisin növbədənkənar sessiyası çağırılacaq?

Görünən odur ki, Ali Məclisin aparatı ya bu suallar barədə düşünməyib, ya da aparatda bu suallar barədə düşünəcək təfəkkürdə əməkdaş yoxdur.

Ümid edirik ki, yeni seçiləcək müavin bütün bu məsələlərə ciddi diqqət yetirəcək, əvvəlki dövrlərdə baş verən qanunsuzluqlar aradan qaldırılacaqdır”.

Hadisələr məhz bizim proqnozlaşdırdığımız kimi oldu. Ali Məclis sədrinin müavini Anar İbrahimovun bu vəzifəyə seçilməsindən sonrakı ilk sessiyanın qərarında ciddi dəyişilik edildi.

Naxçıvanın Konstitusiyasına uyğun olaraq, Ali Məclisin növbədənkənar sessiyası çağırıldı. Sessiyanın gündəliyi kifayət qədər zəngindir. Qərara görə, sessiya bir neçə gün davam edə bilər.

Əslində belə də olmalıdır. Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə Ali Məclisin sessiyaları iki saata başa çatdırılır, muxtar respublikanın büdcəsi 9 dəqiqəyə müzakirə edilib qəbul olunurdu. Halbuki, Naxçıvan Ali Məclisinin sessiyası Milli Məclisin sessiyası kimi, günlərlə davam etməli, gündəlikdəki məsələlər bir neçə iclasda müzakirə olunmalı idi.

Ali Məclisin növbədənkənar sessiyasının çağırılması ilə bağlı qərarda bir bənd diqqətimizi cəlb etdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi”. Deməli, indiyədək Ali Məclisin heç Daxili Nizamnaməsi də olmayıb. Nizamnamənin qəbul edilməsini nə yada salan olub, nə də bununla bağlı məsələ qaldıran. Daxili Nizamnamə qurumun fəaliyyətini tənzimləyir. Məsələn, Milli Məclisin Daxili Nizamnaməsi qəbul edilib. Daxili Nizamnamədə Milli Məclisin fəaliyyətinin əsasları, fəaliyyət formaları, iclaslarının keçirilməsi qaydası, deputatların qeydiyyatı və hüquqları, qanunvericilik işləri planı, Milli Məclisin iclaslarında iştirak edən deputatlara aid tələblər, iclaslarda çıxışlar üçün müəyyən edilmiş vaxt, çıxışların ardıcıllığı, Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası, Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası, Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası, Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası və digər məsələlər öz əksimi tapıb. Görünən odur ki, Vasif Talıbovun iki saatlıq sessiyaları üçün bunların heç biri lazım deyilmiş.

Gündəlikdən aydın olur ki, indiyədək “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu da qəbul edilməyib. Avqustun 1-dən etibarən başlayacaq sessiyada bu məsələ də müzakirə olunacaq.

Bir sözlə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bundan sonra, deyəsən, məsələlərin müzakirə olunub qərarlar qəbul ediləcəyi əsl məclis rolunu oynayacaq.

Ali Məclisin aparatı da gərək Konstitusiyaya uyğun qəbul edilmiş qərarların icrasına diqqətlə yanaşa. Mövcud aparatla bu işin öhdəsindən gəlmək, Ali Məclisi işlək bir orqana çevirmək çətin olacaq. / Tns.az /

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678