Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Radikal qərarlar şoka salmasın: “mal titulu” kimə düşür… – Samir Mirzə

39 Baxış

Hələ əsrlər öncə İslam dünyasının 4-cü xəlifəsi olmuş Əli ibni Əbu Talib insanların aqressiv tələbi ilə, məcburiyyət qarşısında qalaraq hakimiyyətə gəlmişdi. Daha sonra isə ədalətli olduğu üçün elə həmin elita ona qarşı çıxır. Nəticədə xəlifə namaz qıldığı yerdə hücuma məruz qalır və aldığı yaradan həyatını itirir. Cəmi 4 il ədalətə və haqqa dözə bildilər.

Belə bir aksiom var: “İnsanlar layiq olduğu həyatı yaşayır”.

Nə üçün tarixə adını yazdıran hökmdarlar uzun illər taxtını qorumağı bacara bilib? Bir çoxları isə belə şahların qəddarlığına diqqət çəkərək ədalətsiz qərarlar verdiyini deyir. Yuxarıdakı misal elə deyəcəklərimin müqəddiməsidir.

Sual bu olmalıdır ki, “nəyə görə qəddar davranıblar və nəyə görə “yaxşı adam” olmayıblar”.
Cavab sadə olsa da, geniş izah etməyə çalışacağam. Bu xüsusiyyət insanların hələ məişətdə bir-biri ilə münasibətindən başlayır.

Əvvəlcə sadə cavab: hökmdarlar “yaxşı adam” olmağı seçsələr və yumşaq davransalar, ölkəni xaos bürüyər. Məsələn, lazım gəldikdə ən yaxın bildiklərinə qarşı sərt qərarı verməklə, əslində, qurduqları dövləti və ya hakimiyyəti qoruyurlar. Cəzasız, qorxusuz mühit insanlara ixtiyar verir ki, özbaşınalıq, sui-istifadə halları geniş yayılsın. Cürət tapıb şahların hər qərarını müzakirəyə çıxarıb öz xeyirlərinə dəyişmək imkanı yaranır. Dəfələrlə bağışladıqda və mərhəmət göstərdikdə cəsarət toplayıb yenidən baş qaldırırlar. Hər dəfə nəyisə sübut etməyə, izah etməyə ehtiyac qalmamalıdır. Əgər bunlar nəzərə alınmasa, dövlət məhvə məhkumdur.

Keçək sıravi vətəndaşların “yaxşı insan”, mərhəmətli olmaq üçün çabalamaqlarına və nəticədə sarsılaraq qəddar yolu seçməyinə…

Bir çox dostlarla söhbət edəndə diqqətimi çəkən ən çox odur ki, içi mən qarışıq hamımız nədənsə şikayətçiyik. Kimdən şikayətçiyik? Hamı şikayət edirsə, deməli, insan özünə olan üsyanını dilə gətirir, dolayısı ilə özündən şikayətçidir.

Bir insanın qarşı tərəfdən aldığı zərbəsinin miqyası ona icazə verdiyi qədərdir. Yəni insan icazə verdiyi qədər sarsılır. Yəqin ki, fikir vermisiniz, ən yaxın dostları haqqında belə sözlər işlədənlər var: üzü yoladır, əfəldir, mağmındır, hətta loxdur. Üzr istəyirəm, amma deməliyəm. Deməli, o əziz dost çox sadəlövh və çox yaxşı adam olub.

Yəni qəddarlıq münasibəti hələ ibtidai dövrlərdən başlayır. Şahlar isə bütün bunlardan xəbərdardır və onların üzü yola, əfəl, mağmın və lox olması üçün heç bir lüksü yoxdur. Taxtından, həyatından olar. Mütləq qarşı gələnlər sıradan çıxarılmalıdır. Nə mərhəmət, nə xoş rəftar. Bir, iki, üç əfvdən sonra şah da qalmır, tifağı da…

Günümüzdə dünya siyasətindəki manipulyasiyalar o qədər şəffaflaşıb ki, artıq oradan həyat dərsləri götürməyin zamanıdır. Yarı yolda qoyulanlar, ikili standartlar, insan haqları adı altında soxuşdurulan düşüncələr, radikal atılan addımların yaratdığı şok effekti. Şoka düşməyə ehtiyac yoxdur. Sadəlövh oldun, necə deyərlər, “akulalar səni yeyər”. Yem olmamaq üçün yemləmə obrazından çıxıb yem atmalısan və balığını tutmalısan.

Mütəfəkkirlərdən biri deyir: 90 faiz yaxşılıq etdiyiniz adamlardan zərbə alacaqsınız.

Çox doğru təsbitdir və əgər bu yolu seçirsinizsə, deyinməyə, şikayət etməyə haqqınız yoxdur. Dəmir iradəli olmalısınız. Amma və lakin istəyirsinizsə, zarımayasınız, o zaman əfəl olmayın. Bilirsiniz də, bir çoxları söyülməməsi, arxasınca danışılmaması üçün dəridən-qabıqdan çıxıb özünü sübut etməyə çalışır. Aldığı mükafat isə “qoyun” və ya “mal” “titulu” olur. Ona görə insan əvvəlcə özünə hörmət etməlidir, qalanları yoluna düşəcək. Necə deyərlər, beş barmağını bala batırıb qarşındakıların ağzına soxsan da, hökmən biri çıxıb “zəhərdir” deyəcək.

Bir daha qeyd etmək yerinə düşür: “İnsanlar layiq olduğu həyatı yaşayır”.

Daha bir örnəklə mövzunu sonlandıraq: Hərbi xidmətdə “sağa dön!”, “sola dön!”, “addımla marş!” və s. komandaları, əslində, komandirin əzəmətini qavramaq üçün zəruridir. Zamanında “döyüşə!” komandasına hazır olmaq və vəziyyəti dərk etmək üçün təlimdir.

Hərbidə olanlar da daha yaxşı bilir ki, oradakı bəzi ağ-qara nüanslar məhz idarəçiliyin xaoitik olmamasına və ciddi mühitin yaranmasına xidmət edir. Hətta bəzilərinin rahat olub buraxmaması üçündür.

Heç kimi qəddar, ədalətsiz, “pis adam” olmağa çağırmıram, haşa! Birdən belə başa düşülər. Sadəcə, tədbirli və uzaqgörən olmaqda fayda var – Qızıl orta.

Müdrik insanlar bir yerdən aldığı zərbəni ikinci dəfə almazlar.

Filosof Müşfiq Ötgün deyir: “Bütün həyatımda bunu gördüm ki, hansı həqiqətdən əskik idimsə, hansı həqiqəti görmək istəmirdimsə, Allah həmişə o həqiqəti dərk etməyim üçün şərait yaradacaq situasiyalara saldı məni. Ta ki mən onu dərk edənə qədər. Buraxmadı. Sonra Quranda o ayəni oxudum, deyir ki, “biz sizi yaratdıq, boşu-boşunamı buraxacağımızı düşünürsünüz, biz sizi mükəmməlləşdirmək istəyirik”. Ona görə də buraxmayacaqlar bizi onsuz da. Kainat belə işləyir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678