Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maksim Şevçenko: “Dəlilərlə qonşuluq həmişə gözlənilməz nəticələrə gətirə bilər” – MÜSAHİBƏ

181 Baxış

Noyabrın 9-dan 10-na keçən gecə Qarabağla bağlı imzalanan bəyanat Ermənistanda gözlənilən reaksiyaya səbəb oldu. Onlar müqaviləyə etiraz edirlər.

Tanınmış rusiyalı jurnalist və ictimai xadimi Maksim Şevçenko Media.Az-a müsahibəsində qeyd edib ki, siyasi mənada hər şey yeni başlayır:

“Ancaq müharibə bitib. Artıq aydındır ki, İrəvanda hakimiyyətə qisas üçün çalışacaq qüvvələr gələ bilər. Hazırda Ermənistanda sakit şəkildə: “Bitdi! Gəlin bu qırğına son verək, danışıqlar aparmalıyıq”, – deyə biləcək bir siyasi qüvvə yoxdur. Paşinyan tərəfdarlarına qarşı divan və sair gözləmək olar”.

– Simvolik bir sual verəcəyəm: müharibəni bitirməklə bağlı imzalanan bəyanata Azərbaycan və Ermənistanda reaksiyalar xeyli fərqlidir. Niyə belədir?

– Burada təəccüblü bir şey yoxdur. Bu, Qarabağın işğalı, müstəmləkə edilməsi, ora başqa bölgələrdən gətirilən ermənilər tərəfindən məskunlaşdırılması və sonda “Böyük Ermənistan” qurulması fikrinə söykənən ermənilərin məğlubiyyətidir.

Qarabağı Cənubi Qafqazda ya Fransa, ya Argentina, ya da ABŞ-ın forpostuna çevirmək istəyirdilər. Ancaq baş verməyənləri və forpost olmaq hüququ üçün hansı qruplaşmaların mübarizə apardıqlarını özləri araşdırsınlar.

Bir daha vurğulayım ki, bu, ən ağır məğlubiyyətdir. İrəvanda isə sülh qəbul edilmir. İstəyirəm ki, azərbaycanlıların müvəffəqiyyətdən başları fırlanmasın. Bəli, Azərbaycanın qələbəsi qeyd-şərtsizdir. Ancaq başgicəllənmə olmamalıdır. İndi başa düşmək lazımdır ki, Rusiyanın daxil olduğu böyük oyun başlayır. Bu, həm Gürcüstan, həm də Azərbaycan uğrunda oyundur. O da aydındır ki, Bakı Moskva ilə yaxşı münasibətlər saxlamalıdır.

Azərbaycanı bəzi yeni münaqişələrə cəlb etmək cəhdlərinin olacağını istisna etmirəm. Bəlkə də, təxribat və terror təhdidləri olacaq. Terrora arxalanan erməni qruplaşmalarının olduğunu bilirik.

İndi qələbə sevincinə baxmayaraq, soyuq başla bütün riskləri diqqətlə təhlil etməli və qiymətləndirməliyik. Bu, dünyanın taleyi həll olunduğu 1945-ci il “Potsdam müqaviləsi”nə bənzəyir və mən şişirtmirəm (Potsdam Konfransında qalib gələn güclər Almaniyanın yeni bir siyasi və ərazi quruluşu, silahsızlaşdırılması, təzminatlar və alman müharibə cinayətkarlarının taleyinə dair qərarlar qəbul etdi).

– Bir çox mütəxəssis Qarabağ Müharibəsindən və nəticələrini müəyyənləşdirəndən sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ola biləcəyini söyləyir.

– KTMT-yə gəldikdə, düşünürəm ki, bunlar fantaziyalardır. Bu, Azərbaycanın nəyinə lazımdır? Həm Azərbaycan, həm də Ermənistan eyni zamanda KTMT-də olacaq? Bakı indi işğaldan azad edilmiş ərazilərinin bərpasına başlayacaq.

Əgər gəlcəkdə Azərbaycan KTMT-yə daxil olacaqsa, niyə, məsələn, bunu Türkiyə də etməsin? (gülümsəyir)

AİB isə başqa məsələ. Azəraycanın Qoşulmama Hərəkatına üzv olması buna heç bir maneə törətmir. Və Zəngəzurdan Naxçıvana gedən dəhlizi xatırlaya bilərik, hansı ki, elan olunub. Bütün bunlar kooperasiya tələb edəcək. Böyük imkanlar açılır.

– Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli sazişi Ermənistanda denonsasiya etmək cəhdləri barədə nə düşünürsünüz?

– Yenə deyəcəm: Azərbaycanda eyforiya olmamalıdır. İndi Ermənistanda hakimiyyətə yalnız qisasçılar və faşistlər gələ bilər. Bu ölkədə heç bir siyasi qüvvə Azərbaycanla barışıq barədə danışa bilməz.

Hər kəs yenidən silahlanma, intiqam almaq barədə danışacaq, amma bu, Rusiyanın buna imkan verəcəyi demək deyil. İndi Ermənistanda hakimiyyətə gələ bilən hər kəs bu və ya digər şəkildə Moskvadan idarə olunacaq, buna əminəm. Ancaq eyni şəkildə vəziyyət olduqca təhlükəlidir.

Sülh razılaşmasına gəlincə, bu, minlərlə erməni əsgərini xilas etdi. Şuşa götürüldükdən sonra onların ocağa düşdükləri bəlli oldu. Müharibənin davam etməsi onların aclıqdan, soyuqdan və ya döyüşdən əzablı ölümlərinə səbəb olardı.

Ancaq bir daha vurğulayacağam: hər şeyin bitdiyini düşünmürəm. Sərhədin digər tərəfində – dəlixanadır. Dəlilərlə qonşuluq isə həmişə gözlənilməz nəticələrə gətirə bilər.

– Türkiyənin rolu barədə soruşmaya bilmərəm. Moskva və Ankara ortaq dil tapdılar?

– Sizi əmin edirəm, onlar çoxdan ortaq dil tapıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678