Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda görüş keçirilib – FOTO

132 Baxış

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sahibkarlarla görüşü keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Oxu.Az-a verilən məlumata əsasən, “İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda keçirilən görüşə 100-dək sahibkar qoşulub və ölkəmizdəki mövcud biznes mühiti müzakirə edilib.

Vüsal Qasımlı bildirib ki, artıq Azərbaycanda COVID-19 pandemiyasının təsiri ilə yaranmış iqtisadi resesiya dayanıb. İlin ortasından iqtisadi artım bərpa olunacaq:

“Bu ilin ilk dörd ayında qeyri-neft sənayesi 16,5 faiz, kənd təsərrüfatı 2,3 faiz, pərakəndə ticarət 0,1 faiz və informasiya və rabitə xidmətləri 3,8 faiz artım göstərib. Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb. Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə yaradılmış əlverişli biznes mühiti sahibkarlığın sürətli inkişafı üçün zəmindir: “Xüsusən də Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra qalib ölkənin sahibkarı kimi iqtisadi inkişafda iştirak etmək qürurvericidir”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov ikitərəfli əməkdaşlıq platformalarının fəaliyyəti barədə məlumat verib. Dövlət Gömrük Komitəsi ilə ASK arasında Əməkdaşlıq Şurasında müzakirəyə çıxarılan məsələlər və bu yaxınlarda keçirilən monitorinqin nəticələri barədə iştirakçılara məlumat verib.

“Monitorinqdə iştirak edən 214 respondentdən 93 faizi idxalla məşğul olub. Bu isə onu göstərir ki, idxal əməliyyatları hələ də yüksəkdir. Təbii ki, hazır məhsulun ticarətini etmək daha asandır. Ona görə də istehsalla məşğul olan şirkətlərə dəstək verilməlidir”, – deyə Vüqar Abbasov bildirib. 

Yekunda qərara alınıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Sahibkarlar Konfederasiyası bu görüşləri konkret məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması üçün gələcəkdə də təşkil etsin.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678