Ermənistan da Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etmək fikrindədir
- 11-01-2025, 13:07
- Dünya
Qeyr: Bu yazıda Ermənistan baş nazirliyi dəftərxanasının cavabında qeyd olunan fikirlər Azərbaycan rəhbərliyinin "Qərbi Azərbaycan" məsələsində siyasi iradə nümayişinin nəticə verdiyinin bariz nümunəsidir. Ermənistan İlham Əliyevin bəyanatlarından qorxuya düşərək tələsik "Qərbi Azərbaycan" məsələsini gündəmdən çıxarmaqla sülh müqaviləsi imzalamaq istəyir. Amma, necə deyərlər, "qatar artıq gedib". Və bu qatar sürətlə Qərbi Azərbaycana- yurddaşlarımızın dədə-baba torpaqlarına doğru sürətlə irəliləyir.
Ermənistan Respublikası Minsk qrupunun buraxılması məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək imkanlarını nəzərdən keçirir. Bu barədə baş nazirliyin dəftərxanasından"Azatutyun" radiosunun sorğusuna cavab olaraq bildiriblər.
Baş nazirlik Nikol Paşinyanın bəyanatlarını xatırladıb: “2024-cü il dekabrın 19-da Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılması ideyası ilə bağlı mövqeyi barədə sualı cavablandıran baş nazir Paşinyan “Armenpress”ə müsahibəsində qeyd edib ki, bu, “konstruktiv addımdır”.
“Biz belə başa düşürük ki, əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın mövcudluğunun nə mənası var? Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan məsələyə məhz bu məntiqlə yanaşır və onun motivasiyası “Qərbi Azərbaycan” məsələsi ilə Ermənistan Respublikasının ərazisinə qarşı təcavüzkar siyasət yürütmək deyil.
Baş nazir Paşinyan 2025-ci il yanvarın 8-də Facebook səhifəsində yazdığı paylaşımda Ermənistan Respublikası ərazisində “Qərbi Azərbaycan”ın olmadığını və "ola bilməyəcəyini" bildirərək, Azərbaycanın bu bəyanatdan imtina etməsinin vacibliyini vurğulayıb. Onun fikrincə bu Ermənistanın ərazi bütövlüyünü, sülhün bərqərar olmasını şübhə altına alır”.
Azatutyun tərəfindən göndərilən cavabda qeyd olunur: “Ermənistan Respublikası birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu sülh müqaviləsi imzalamaqla, habelə, yuxarıda qeyd olunan bütün digər təşəbbüs və addımları həyata keçirməklə təsdiq etməyə hazırdır. Ermənistan hökuməti Azərbaycanın da Ermənistan Respublikasının ərazi bütövlüyünü birmənalı və qeyd-şərtsiz tanımasının vacibliyini vurğulayıb”.
Baş nazirlik bu mövzuların 2024-cü ilin oktyabrında Kazanda keçirilən Paşinyan-Əliyev görüşündə müzakirə edildiyini vurğulayıb. Həmçinin, qeyd edilir ki, Azərbaycan prezidenti İlham Əliyevin "hədələyici" bəyanatlarından iki gün sonra, yanvarın 9-da Nikol Paşinyan regionda sülhün bərqərar olması üçün ATƏT-in Minsk qrupunun buraxılması da daxil olmaqla 12 bəndlik təkliflə çıxış edib.