Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Antiqona tamaşası Azərbaycan səhnəsində

355 Baxış

Turanmedia.az xəbər verir ki, Gənc Tamaşaçılar teatrında Jan Aniyun “Antiqona” tamaşasının premyerası baş tutdu.

Faciə janrında olan əsər əlbəttə ki çoxumuza yaxşı tanışdır. Böyük ürəkli balaca Antiqonanın həyatı, dünyəvi düşüncələri və bu düşüncələrdən doğan qaçılmaz faciəsi bütün dövrlərdə insanlarda maraq oyadıb.

İstedadlı aktyor və rejissor kimi tanınan res. əməkdar artist Nofəl Vəliyev bu tamaşanı səhnələşdirməklə Azərbaycan tamaşasına öz baxış bucağındakı qəhrəmanı yeni tərzdə, yeni üslubda təqdim etdi. Rejissorun bir neçə tamaşasını izləmişəm və son izlədiyim Antalya teatrının tamaşası daxil olmaqla bu tamaşalarda düzgün aktyor seçimini, maraqlı səhnə tərtibatını qeyd etmək lazımdır. Həm aktyor həm də son vaxtlar rejissor kimi çalışan Nofəl bəy incə ruha malikdir ki, bu da hər tamaşada özünü biruzə verir və əgər əsərin qəhrəmanı qadındırsa məncə başqa cür ola da bilməz.

Əsərdə üçlük diqqətimi xüsusi cəlb etdi.

Əvvəla Kərəm Hadızadəni qeyd edim. Aktyor həmişəki kimi obrazı ilə səhnədə bütünləşə bildi və birbaşa ruhumuza xitab etməyi bacardı. İllərin təcrübəsinə arxalanan aktyor, tamaşanın ümumi axarına yetərincə təsir edərək bizi öz arxasınca asanlıqla apardı. Məncə Kərəm bəyin istedadı çoxşaxəlidir və nəinki bu qəbildən, tam əks obrazların da öhdəsindən gələ biləcək qədər gücə malikdir.

Və daha iki gənc aktyor Aygün Fətullayeva və Hilal Dəmir.

Aygün xanım yetərincə Antiqonanın daxili sarsıntılarını səhnədən bizə ötürə bildi. Aktrisa, teatrın bir sıra tamaşalarında istedad nümayiş etdirib və yeni obrazı daha mükəmməl, daha sevilən oldu. Balaca qız böyük qəlbiylə tamaşaçıların duyğularını alt üst etməyi bacardı.

Hilal Dəmir məncə istedadı, səhnə görünüşü, plastikası ilə həmən seçilən gəclərdəndir. Uzun zamandır ki, onun rollarını izləyirəm və hər dəfə də düşünürəm ki, o ən ümidverici gənclər siyahısında başdadır. Bu dəfə də obrazının öhdəsindən layiqincə gələn aktyor alqışımızı qazandı. Tamaşada bizə bələdçilik edən aktrisa Şəbnəm Hüseynovanı da xüsusi qeyd etmək istəyirəm. Bu obraz tamaşaçı ilə aktyorlar arasında maraqlı rabitə yaratdı. Aktrisa Küşvər Şərifovanın da obrazı özünəməxsus təqdim olundu. Aktyorlar: Anar Seyfullayev, Rəşad Səfərov, Nurlan Süleymanlı, Könul Əbilova, İlhan Sadıqov, Ümman Budaqov, Ramiq Nəsirov, Əbdül Rzayev ayrı ayrı rəngarəng obrazlarda çıxışları ilə tamaşanın daha baxımlı, daha yaddaqalan olmasına birbaşa təsir etdilər ki, hər birini ayrı ayrılıqda təbrik edirik.

Tamaşanın çox təsirli musiqisindən dolayı bəstəkar Röya Hüseynovaya bir təşəkkür borcumuz var.

Quruluşcu rəssam Telman Şıxıyevi də təbrik edirik.

Demək ki, bir tamaşanın ərsəyə gəlməsi üçün yüzlərlə insan əmək sərf edir, gecə gündüz çalışır. Biz isə sadəcə alqışlarımızla onları dəstəkləyirik.

Alqışlarınız bol olsun sənət fədailəri!

Təranə Feyzullayeva.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678